Yerli xalqlar yox olmaq təhlükəsində

Dünya əhalisinin təxminən 6,2 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliklərindən ən çox təsirlənən icmalar arasındadır. Əcdadlarından qalan torpaqlarda yaşayan və təbiətlə sıx bağlı həyat sürən bu xalqlar həm ekoloji, həm də sosial problemlərlə üzləşirlər.
Sfera.az xəbər verir ki, BMT-nin məlumatına görə, 90 ölkədə 476 milyondan çox yerli insan yaşayır. Onlar təxminən 5 min fərqli mədəniyyəti təmsil edir.
Dünyada mövcud olan 7 min dilin ən azı 40 faizinin yox olmaq təhlükəsi ilə üzləşdiyi bildirilir. Hesablamalara görə, hər iki həftədə bir yerli dil yox olur.

BMT 2022-ci ildə yerli dillərin qorunması və bu dilləri danışan icmaların dəstəklənməsi məqsədilə “Yerli Dillər Onilliyi” təşəbbüsünü başladıb.
Yerli əhalinin 86 faizi qeyri-rəsmi iqtisadiyyatda çalışır. Onların yoxsulluq riski dünya əhalisinin digər qrupları ilə müqayisədə təxminən 3 dəfə yüksəkdir.
Yerli xalqların orta ömür uzunluğu digər icmalarla müqayisədə təxminən 20 il daha qısadır. Səhiyyə xidmətlərinə çıxışın məhdud olması və müxtəlif xəstəliklərə daha çox məruz qalma əsas səbəblər sırasında göstərilir.

Təxminən 70 milyon yerli insan dolanışığını meşələrdən təmin edir. Lakin artan temperatur, su çatışmazlığı, səhralaşma və buzlaqların əriməsi onların ənənəvi həyat tərzini ciddi şəkildə çətinləşdirir.
Afrikanın Kalahari səhrasında yaşayan bəzi icmalar su çatışmazlığı səbəbindən hökumətin açdığı quyuların ətrafında məskunlaşmağa məcbur olur. Himalaylarda isə buzlaqların əriməsi qısa müddətdə su ehtiyatlarını artıra bilsə də uzunmüddətli perspektivdə su qıtlığı riskini yüksəldir.
İqlim böhranı beləliklə, yerli xalqların təkcə yaşayış şəraitini deyil, onların mədəniyyətini, dillərini və gələcəyini də təhlükə altına salır.
Mənsumə






