“iPhone” istifadəçilərinin sayı artır

Smartfon bazarında rəqabət davam etsə də, istifadəçilərin əməliyyat sistemi seçimi getdikcə daha sabit xarakter alıb.
Son araşdırmalar göstərir ki, “iPhone” istifadəçilərinin “Apple”ə bağlılığı daha da güclənib.
Sfera.az xəbər verir ki, “Consumer Intelligence Research Partners” (CIRP) şirkətinin yaydığı hesabata əsasən, 2026-cı ilin ilk rübündə “iPhone” istifadəçilərinin platformaya sadiqlik göstəricisi 87 faizə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım hesab olunur.
Araşdırmaya görə, mart ayında yeni “iPhone” alan istifadəçilərin cəmi 12 faizi “Android” əməliyyat sistemindən keçid edib. Digər 1 faiz isə ilk dəfə smartfon alan və ya əvvəllər düyməli telefondan istifadə edən şəxslərdən ibarət olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə “Android”dən “iPhone”a keçid edənlərin payı 14 faiz, istifadəçi sadiqliyi isə 84 faiz təşkil edirdi. Son illərin statistikası platformalar arasında keçid səviyyəsinin 11-15 faiz aralığında sabit qaldığını göstərib.
Mütəxəssislərin fikrincə, bu göstəricilər smartfon istifadəçilərinin böyük əksəriyyətinin artıq seçimini etdiyini və hər il yalnız kiçik bir hissəsinin əməliyyat sistemini dəyişdiyini təsdiqləyib.
Mövcud istifadəçiləri ekosistemdə saxlamaq məqsədilə “Apple” bu ilin sonuna qədər iOS 27 əməliyyat sistemi ilə birlikdə yenilənmiş süni intellekt əsaslı Siri AI köməkçisini istifadəyə verməyi planlaşdırıb.
Bununla yanaşı, şirkətin yaxın vaxtlarda təqdim edəcəyi gözlənilən qatlana bilən “iPhone” modelinin “Android” qatlana bilən smartfon istifadəçilərini cəlb edə biləcək əsas yeniliklərdən biri olacağı bildirilib.
Bəsti Rəfizadə
Sfera.az
