Saatda 412 kilometr - Avtomobildən REKORD

Britaniyalı mühəndis Stiven Uollis radiodəstəklə idarə olunan avtomobillər üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Sfera.az xəbər verir ki, onun hazırladığı "Mach Reaper" adlı model saatda 400 kilometr həddini iki dəfə keçərək planetin ən sürətli radiodəstəklə idarə olunan avtomobili adına sahib olub.
Mühəndisin səkkiz ay ərzində üzərində çalışdığı "Project 250" layihəsinin əsas məqsədi məhz saatda 400 kilometrlik psixoloji həddi aşmaq idi. Uelsdə keçirilən rəsmi yarış zamanı "Mach Reaper" saatda 403,4 kilometr sürət göstərib. GPS məlumatlarına görə isə avtomobilin maksimal sürəti 405,1 kilometr olub.
Lakin bununla kifayətlənməyən Uollis cəmi iki həftə sonra eyni məkanda keçirilən növbəti yarışda öz rekordunu yeniləyib. GPS göstəricilərinə əsasən, "Mach Reaper" bu dəfə saatda 412,7 kilometr sürətə çatıb.
Mütəxəssislərin sözlərinə görə, "Mach Reaper" artıq adi model avtomobildən daha çox müasir mühəndisliyin nümayişinə çevrilib. Avtomobilin demək olar ki, bütün hissələri kompüter modelləşdirməsi və aerodinamik hesablamalar əsasında sıfırdan hazırlanıb. Bu texnologiyalar tamölçülü yarış avtomobilləri və təyyarələrin layihələndirilməsi zamanı istifadə olunan metodlara əsaslanır.
Layihə çərçivəsində xüsusi sifarişlə hazırlanmış mexaniki hissələr və müəllifin öz elektron sistemləri əsasında dörd mühərrikli elektrik güc qurğusu yaradılıb. Bu da Mach Reaper-in rekord sürətə çatmasında əsas amillərdən biri hesab olunur.
Firuzə Əliyeva
Sfera.az
