Hansı saatda yatmaq daha faydalıdır?

Hansı saatda yatmaq daha faydalıdır?
Kateqoriya məlum deyil
T

Sağlam həyat tərzinin əsas şərtlərindən biri keyfiyyətli və kifayət qədər yuxudur. Lakin yuxunun yalnız müddəti deyil, yatma vaxtı da orqanizmin bioloji ritmi baxımından əhəmiyyət daşıyır. Ekspertlər bildirirlər ki, hər kəs üçün eyni “ideal yatmaq saatı” olmasa da gecə yuxusunun müntəzəm olması və bioloji saatla uyğunlaşması sağlamlıq üçün daha faydalıdır.

Sfera.az xəbər verir ki, yuxu mütəxəssislərinin fikrincə, əksər böyüklər üçün gecə saatlarında yatmaq və hər gün təxminən eyni vaxtda yuxuya getmək daha məqsədəuyğundur. Orqanizmin daxili bioloji saatı — sirkadiyalı ritm — işıq və qaranlıq dövrünə uyğun işləyir. Axşam saatlarında bədən yuxuya hazırlıq görür səhər isə oyanmağa başlayır.

ABŞ Milli Yuxu Fondu böyüklərin adətən gecə 7-9 saat yatmasını tövsiyə edir. Mütəxəssislər qeyd edirlər ki, gecə saatlarında müntəzəm olaraq çox gec yatmaq və səhər erkən oyanmaq yuxu çatışmazlığına səbəb ola bilər. Buna görə də yuxu rejiminin sabit saxlanılması, həftəsonları da yatıb-durma saatlarının çox dəyişdirilməməsi tövsiyə olunur.

Mütəxəssislər həmçinin yatmazdan əvvəl telefon, planşet və digər ekranlardan istifadənin azaldılmasını məsləhət görürlər. Ekranlardan yayılan işıq, xüsusilə də mavi işıq, bəzi insanlarda yuxuya getmə prosesinə təsir göstərə bilər. Buna görə yatmazdan əvvəl daha sakit və qaranlıq mühit yaratmaq yuxunun keyfiyyətinə müsbət təsir edə bilər.

Bəs ən ideal saat hansıdır?

Ekspertlərin ümumi yanaşmasına görə, insanın səhər oyanma vaxtına uyğun olaraq axşam saat 22:00-00:00 arasında yatmağa keçməsi bir çox böyüklər üçün uyğun ola bilər. Məsələn, səhər saat 07:00-da oyanan insanın 7-9 saat yuxu alması üçün təxminən 22:00-00:00 aralığında yatması məqsədəuyğundur.

Lakin mütəxəssislər vurğulayırlar ki, “hamı üçün ən doğru saat” anlayışı yoxdur. İş qrafiki, yaş, fərdi bioloji ritm və həyat tərzi yuxu vaxtına təsir edə bilər. Əsas məsələ hər gün kifayət qədər yatmaq, yuxu rejimini mümkün qədər sabit saxlamaq və gün ərzində özünü enerjili hiss etməyə imkan verən rejim formalaşdırmaqdır.

Əgər insan kifayət qədər yatmasına baxmayaraq daim yorğunluq hiss edirsə, gecələr tez-tez oyanırsa və ya uzun müddət yuxuya gedə bilmirsə yuxu rejiminə diqqət yetirməli və davamlı problem olduğu halda həkimlə məsləhətləşməlidir.

Mənsumə

Sfera.az

PAYLAŞ