Məşhur parkın altında gizlənən yeraltı saray aşkar edildi

Şimali Uelsdə yerləşən məşhur “Happy Valley” parkının altında 19-cu əsrə aid nəhəng yeraltı su anbarı aşkar edilib. “Batmış Saray” (Sunken Palace) adlandırılan tarixi tikilinin gələcəkdə müasir texnologiyalarla zənginləşdirilərək turizm məkanına çevrilməsi planlaşdırılır.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Uelsin Llandudno şəhərində yerləşən parkı ziyarət edənlər uzun illər ayaqlarının altında təxminən 1 milyon gallon su tutumuna malik nəhəng su anbarının mövcudluğundan xəbərsiz olublar.
Məlumata görə, Fach su anbarı 19-cu əsrin ikinci yarısında bölgədə su çatışmazlığını aradan qaldırmaq məqsədilə inşa edilib və uzun müddət şəhərin su təchizatında mühüm rol oynayıb.
Tikilinin dayanıqlığını təmin etmək üçün mühəndislər bir böyük zal əvəzinə 248 qırmızı kərpic tağdan ibarət mürəkkəb konstruksiya hazırlayıblar. Təxminən 6 metr hündürlüyündə olan tavan və sütunlardan ibarət bu memarlıq quruluşu sonradan “Batmış Saray” adını qazanıb.

Su anbarı 20-ci əsrin ortalarında yeni su təchizatı sistemlərinin istifadəyə verilməsindən sonra istismardan çıxarılıb. Həmin vaxtdan etibarən obyekt yalnız texniki baxışlar üçün açıq olub və ictimaiyyət üçün qapalı saxlanılıb.
Hazırda həyata keçirilməsi planlaşdırılan Llandudno Vaults layihəsi tarixi tikilini qorumaqla yanaşı, onu ziyarətçilər üçün unikal təcrübə məkanına çevirməyi hədəfləyir. Layihə çərçivəsində su anbarının orijinal memarlığı qorunacaq, eyni zamanda işıqlandırma, səs effektləri, holoqramlar və artırılmış reallıq texnologiyalarından istifadə olunacaq.
Bu vasitələrlə ziyarətçilərə Uelsin zəngin mifologiyası, əfsanələri və qədim ənənələri interaktiv formada təqdim ediləcək. Parkın yamacında təhlükəsizlik və əlçatanlıq standartlarına cavab verən yeni girişin yaradılması da nəzərdə tutulur
Layihə hazırda ilkin mərhələdədir. Onun hazırlanması üçün 20 min funt sterlinq (təxminən 45,5 min manat) maliyyə ayrılıb. Təşkilatçılar 2026-cı il ərzində rəsmi planlaşdırma icazəsi almaq üçün müraciət etməyi planlaşdırırlar. Obyektin açılış tarixi və bilet qiymətləri isə hələ açıqlanmayıb.
Mənsumə
