Bu gün maraqlı təbiət hadisəsi yaşanacaq - Yerin 99 faizi...

Bu gün – 8 iyul tarixində Yer kürəsində nadir astronomik hadisə baş verəcək. Günün müəyyən anında dünya əhalisinin təxminən 99 faizi, yəni 8,2 milyard insan eyni vaxtda ya gündüz işığında, ya da alaqaranlıqda olacaq.
Sfera.az xəbər verir ki, bu hadisə təxminən Azərbaycan vaxtı (UTC+4): 15:10 vaxtında baş verəcək və cəmi bir dəqiqəyə yaxın davam edəcək.
Mütəxəssislərin bildirdiyinə görə, həmin anda Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika və Asiyanın böyük hissəsində gündüz və ya alaqaranlıq hökm sürəcək. Məhz bu qitələrdə dünya əhalisinin böyük əksəriyyəti yaşayır.
Eyni vaxtda Avstraliya, Yeni Zelandiya, Cənub-Şərqi Asiyanın bəzi bölgələri, Antarktida və okeanların böyük hissəsi isə gecə zonasında olacaq.
Araşdırmalara əsasən, həmin an təxminən 6,9 milyard nəfər (83 faiz) tam gündüz işığında olacaq. Daha 581 milyon nəfər (7 faiz) alaqaranlığı yaşayacaq. Bu zaman səma kifayət qədər işıqlı olduğundan açıq havada əlavə işıqlandırmaya ehtiyac olmur.
Bundan başqa, 498 milyon nəfər (6 faiz) dəniz alaqaranlığında, 249 milyon nəfər (3 faiz) isə astronomik alaqaranlıqda olacaq. Yalnız 83 milyon nəfər, yəni dünya əhalisinin təxminən 1 faizi tam qaranlıq gecə yaşayacaq.
Alimlər bildirirlər ki, bu hadisə təkcə 8 iyul tarixinə aid deyil. Təxminən 18 may –17 iyul tarixləri arasında hər gün qısa müddət ərzində Yer əhalisinin demək olar ki, hamısı eyni vaxtda gündüz və ya alaqaranlıq şəraitində olur.
Bu hadisənin yalnız 8 iyulda baş verməsi ilə bağlı fikir isə 2022-ci ildə sosial şəbəkələrdə yayılan və geniş maraq doğuran paylaşım nəticəsində formalaşıb. Sonradan aparılan araşdırmalar göstərib ki, 8 iyul bu hadisənin ən əlverişli günlərindən biri olsa da, oxşar vəziyyət təxminən iki ay ərzində hər gün müşahidə olunur.
Mütəxəssislər qeyd edirlər ki, bu vəziyyət Yer oxunun maililiyi və Şimal yarımkürəsində yay mövsümünün xüsusiyyətləri ilə əlaqədardır. İyun gündönümündən sonra Günəş görünən hərəkətində cənuba doğru yönəldiyi üçün əhalinin sıx yaşadığı bölgələrdə gündüz və alaqaranlıq sahəsi bir qədər genişlənir. Nəticədə gündönümü ilə müqayisədə təxminən 10 milyon nəfər daha çox insan eyni anda Günəş işığı və ya alaqaranlıq şəraitində olur.
Firuzə Əliyeva



