Bu halda telefonunuz partlaya bilər

Smartfon istifadəçiləri arasında uzun illərdir müzakirə olunan “Telefonu gecəboyu elektrik şəbəkəsinə qoşulu saxlamaq batareyaya zərər verirmi?” sualına aydınlıq gətirilib. Mütəxəssislər batareyanın ömrünü qorumaq üçün ən düzgün enerji doldurma vərdişlərini açıqlayıblar.
Sfera.az xəbər verir ki, bir çox istifadəçi yatmazdan əvvəl telefonunu elektrik şəbəkəsinə qoşur və səhərə qədər enerji toplamasına imkan verir. Bəziləri isə bunun batareyanın sağlamlığına mənfi təsir göstərdiyini düşünür.
Mütəxəssislərin sözlərinə görə, müasir smartfonlarda istifadə olunan litium-ion batareyalar əvvəlki nəsil batareyalarla müqayisədə daha inkişaf etmiş qoruma sistemlərinə malikdir. Bu səbəbdən cihazın enerji səviyyəsi 100 faizə çatdıqda enerji doldurma prosesi böyük ölçüdə dayandırılır və artıq enerji axınının qarşısı alınır.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, keyfiyyətsiz adapterlərdən, zədələnmiş kabellərdən və ya sertifikatlaşdırılmamış enerji doldurma qurğularından istifadə ciddi risklər yarada bilər. Belə hallarda cihazın həddindən artıq qızması, batareyanın sıradan çıxması, hətta bəzi hallarda telefonun partlaması və ya yanğın baş verməsi ehtimalı artır.
Bununla belə, batareyanın uzunömürlü olması üçün telefonun gün ərzində və ya istifadə edilməzdən qısa müddət əvvəl enerji ilə təmin olunması daha məqsədəuyğun hesab edilir.
Mütəxəssislər həmçinin bildirirlər ki, batareyanın daim 100 faiz səviyyəsində saxlanılması əvəzinə, enerji səviyyəsinin 20-80 faiz aralığında qorunması onun xidmət müddətinin uzanmasına kömək edə bilər.
Qeyd olunur ki, düzgün enerji doldurma vərdişləri smartfon batareyasının performansını daha uzun müddət qorumağa imkan verir.
Mənsumə
