Dünyanı yaxın illərdə ərzaq böhranı gözləyir

Yaxın illərdə dünya qlobal ərzaq böhranı ilə üzləşə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri Anton Kobyakov bildirib. Onun sözlərinə görə, dünyada daimi ərzaq qıtlığı riski formalaşır və bu prosesin əsas səbəbləri Yaxın Şərqdəki vəziyyət və iqlim dəyişiklikləridir.
Kobyakov qeyd edib ki, Rusiyanın hazırkı ixrac strukturunda ərzaq məhsulları və gübrələr mühüm yer tutur və yaxın gələcəkdə bu məhsullara qlobal tələbat daha da arta bilər.
Eyni zamanda Dünya Ərzaq Proqramının rəhbərinin səlahiyyətlərini icra edən Karl Skaunun açıqlamasına əsasən, münaqişələrin davam etməsi xüsusilə yoxsul ölkələrdə həssas əhali qruplarına ciddi təsir göstərə bilər.
O bildirib ki, yanacaq qiymətlərinin artması humanitar əməliyyatların xərclərini yüksəldir və bu da aclıqla mübarizə prosesini çətinləşdirir.
Bundan əvvəl “Financial Times” nəşri də dünyada ərzaq böhranı riskinin artdığı barədə proqnoz yayıb.
Qeyd edək ki, ekspertlər qlobal ərzaq bazarında qiymət artımı və tədarük zəncirlərində mümkün pozulmalarla bağlı narahatlıqların artdığını bildirirlər.
Əzizə Zeynal
Sfera.az
