“Apple”-dan yenilik: Yeni “iPhone”lar daha davamlı olacaq

“Apple”-ın hazırladığı yeni xüsusi alüminium emal texnologiyası sayəsində gələcək “iPhone” modellərinin əvvəlkilərlə müqayisədə daha davamlı olacağı iddia olunur. Şirkətin xüsusilə “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində bu yeni material prosesini tətbiq etməyi planlaşdırdığı bildirilir.
Sfera.az xəbər verir ki, yeni üsul alüminiumun həm cızıqlara, həm də düşmə və zərbələrə qarşı müqavimətini artırmaq məqsədi daşıyır. Eyni zamanda bu texnologiyanın istehsal prosesini daha səmərəli edəcəyi enerji və material sərfiyyatını azaldacağı da qeyd olunur.
İddialara əsasən, yeni emal prosesi materialın ərimə temperaturunu optimallaşdıraraq korroziyaya qarşı dayanıqlığı gücləndirir və səthdə yaranan oksidləşmə riskini minimuma endirir. Bu isə cihazların uzunmüddətli istifadə zamanı daha stabil qalmasına imkan yarada bilər.
Bəzi mənbələr əvvəlki nəsil “iPhone” modellərində müşahidə olunan kamera modulunda çatlama və rəng dəyişimi kimi problemlərin də yeni texnologiya ilə aradan qaldırılacağını iddia edir.
Bundan əlavə, yeni alüminium texnologiyasının təkcə “Pro” modellərdə deyil, gələcəkdə təqdim olunması gözlənilən qatlanan “iPhone” – “iPhone Fold” modelində də istifadə edilə biləcəyi ehtimal edilir.
Qeyd edək ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib və hələlik yalnız iddia xarakteri daşıyır.
Mənsumə
