“WhatsApp” bu telefonlarda işləməyəcək

“Meta” şirkəti məşhur mesajlaşma tətbiqi olan “WhatsApp”ın bəzi köhnə “Android”, “iPhone” və “iPad” modellərinə dəstəyi dayandıracağını açıqlayıb.
Sfera.az xəbər verir ki, tətbiqin təhlükəsizlik səviyyəsini qorumaq və yeni funksiyaların stabil işləməsini təmin etmək məqsədilə köhnə əməliyyat sistemləri ilə çalışan cihazlara dəstək mərhələli şəkildə dayandırılacaq.
Məlumata görə, 30 noyabr 2026-cı il tarixindən etibarən “WhatsApp” yalnız iOS 15.5 və “iPadOS” 15.5 və ya daha yeni versiyalarla işləyən cihazlarda istifadə oluna biləcək. Bu dəyişiklik “iPhone 6s”, “iPhone 6s Plus”, birinci nəsil “iPhone SE”, “iPhone 7”, “iPhone 7 Plus”, “iPad Air 2” və “iPad mini 4” istifadəçilərinə təsir edəcək.
Bununla belə, adıçəkilən “Apple” cihazlarını iOS 15.8.8 və ya iPadOS 15.8.8 versiyasına yeniləyən istifadəçilər “WhatsApp”dan istifadə etməyə davam edə biləcəklər. Əks halda, onlar 30 noyabrdan sonra tətbiqə giriş imkanını itirəcəklər.
“Android” cihazlarına gəldikdə isə, məhdudiyyətlər daha erkən qüvvəyə minəcək. Belə ki, 8 sentyabr 2026-cı il tarixindən etibarən “Android 6.0”dan aşağı versiyalar üçün “WhatsApp” dəstəyi tamamilə dayandırılacaq. Nəticədə “Android 5.0” və “Android 5.1” əməliyyat sistemləri ilə işləyən smartfonlar tətbiqdən istifadə edə bilməyəcəklər.
“Meta” bu qərarı köhnə əməliyyat sistemlərində təhlükəsizlik yeniləmələrinin olmaması və yeni funksiyaların düzgün işləməməsi ilə əsaslandırıb.
Mənsumə
