Gecə saat 02:00-04:00 arasında oyanırsınızsa...

Gecəyarısı, xüsusilə saat 02:00-04:00 aralığında qəfil oyanmaq bir çox insanın qarşılaşdığı yuxu problemidir.
Mütəxəssislərin bildirdiyinə görə, bu hal təsadüfi deyil və orqanizmin bioloji ritmi ilə bağlıdır. Statistikaya əsasən, insanların böyük hissəsi gecə ərzində ən azı bir dəfə oyanır, lakin bu vəziyyət davamlı olduqda yuxu keyfiyyəti ciddi şəkildə pozulur.
Sfera.az xəbər verir ki, yuxu mütəxəssisləri əsas səbəblərdən biri kimi kortizol hormonunun gecə saatlarında normadan artıq aktivləşməsini göstərirlər. Xroniki stress, narahatlıq və gərginlik bu hormon balansını pozaraq beynin “ayıqlıq rejiminə” keçməsinə səbəb ola bilər. Nəticədə insan qəfil oyanır və yenidən yuxuya getməkdə çətinlik çəkir.
Digər mühüm faktor isə qan şəkərinin düşməsidir. Gün ərzində qeyri-kafi qidalanma və ya yüngül şam yeməyi gecə hipoqlikemiya riskini artırır. Orqanizm bu vəziyyəti kompensasiya etmək üçün adrenalin ifraz edir və bu da oyanışa səbəb olur. Bundan başqa alkoqol istifadəsi də yuxunun dərin mərhələlərini pozaraq gecəyarısı oyanmaları artıra bilər.
Mütəxəssislər düzgün yuxu gigiyenasına əməl etməyi, yatmazdan əvvəl elektron cihazlardan uzaq durmağı və sabit yuxu rejimi qurmağı tövsiyə edirlər. Əgər gecə oyanmaları həftədə bir neçə dəfə təkrarlanırsa bu hal yuxu apnesi, depressiya, reflüks və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu zaman həkimə müraciət etmək məsləhət görülür.
Mənsumə
