Parklardakı görünməz təhlükə: Uşaqların sağlamlığı risk altındadır

Yay mövsümü ilə birlikdə parklar və oyun meydançaları uşaqların səsi ilə dolur. Lakin Polşalı alimlərin apardığı son araşdırma göstərir ki, bu əyləncə sahələrində gizli təhlükə var.
Sfera.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, oyun meydançalarında və idman sahələrində geniş istifadə olunan sintetik otlar və rezin səthlər köhnə avtomobil təkərlərindən əldə edilən rezin qranulları ilə hazırlanır. Bu qranulların yüksək konsentrasiyada zəhərli kimyəvi maddələr xüsusilə polisiklik aromatik karbohidrogenlər (PAH) ehtiva etdiyi müəyyən edilib.
Alimlər bildirirlər ki, PAH maddələri bədənə inhalyasiya, dəri ilə təmas və ya udma yolu ilə daxil ola bilər. Bəzi növləri kanserogen hesab olunur, həmçinin dölün inkişaf pozğunluqları, qaraciyər zədələnməsi və reproduktiv sistem problemləri ilə əlaqələndirilir.
Araşdırma həmçinin göstərib ki, hətta ən kiçik rezin qranullar belə bitkilər, bakteriyalar və torpaq orqanizmləri üçün mənfi təsir yaradır. Yəni təhlükə yalnız uşaqlar üçün deyil, ətraf mühit üçün də mövcuddur.
Mütəxəssislər valideynlərə tövsiyə edir ki, uşaqlar oyun meydançalarında oynadıqdan sonra əllərini yusun, bu sahələrdə yemək yeməsin və xüsusilə isti havalarda uzun müddət rezin səthlərdə qalmasınlar. Bundan əlavə, alimlər oyun meydançalarında və sintetik səthlərdə istifadə olunan rezin qranullara daha sərt nəzarətin tətbiq edilməsinin vacibliyini vurğulayırlar.
Uşaqların təhlükəsizliyi və sağlamlığı üçün valideynlərin və ictimai qurumların bu xəbərdarlıqlara diqqət etməsi vacibdir.
Mənsumə
Sfera.az
