Günəşdə güclü alışma qeydə alınıb

İyunun 3-nə keçən gecə Günəşdə M9.3 sinifli güclü alışma baş verib. Bu, 2026-cı il aprelin 24-dən bəri müşahidə olunan ən güclü Günəş aktivliyi hadisəsi hesab olunur.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata görə, alışma Bakı vaxtı ilə saat 05:36-da qeydə alınıb. Hadisənin gücü maksimum hesab olunan X sinfinə çatmağa çox yaxın olub. Mütəxəssislərin hesablamalarına əsasən, X sinfinə yüksəlmək üçün cəmi 7 faiz çatışmayıb.
Qeyd edək ki, aprelin 24-də Günəşdə bir gün ərzində iki X sinifli güclü alışma baş vermişdi. Alimlər bildirirlər ki, hələ bir neçə gün əvvəl Günəşdə aktivlik nisbətən sabit idi. Lakin iyunun 2-nin ikinci yarısından etibarən vəziyyət sürətlə dəyişməyə başlayıb. Son sutka ərzində təxminən hər yeddi saatdan bir yeni alışmalar qeydə alınır və onların gücü tədricən artır.
Mütəxəssislər yaxın saatlarda, hətta gün ərzində maksimum gücə malik X sinifli yeni alışmanın baş verə biləcəyini istisna etmirlər. Alışmanın Günəş diskinin Yerə ən həssas hesab olunan mərkəzi hissəsində baş verməsi diqqət çəkib. Belə hadisələr zamanı güclü koronal kütlə atılması qeydə alınarsa, onun birbaşa Yer istiqamətində hərəkət etməsi mümkündür. Bununla belə, hazırkı müşahidələr Yerə doğru əhəmiyyətli plazma axınının baş vermədiyini göstərir. Alimlər hazırda bu hadisənin Yerin infrastrukturuna və insanların sağlamlığına ciddi təhlükə yaratdığına dair əlamətlərin olmadığını bildirirlər. Mütəxəssislərin fikrincə, Günəş aktivliyinin artması davam edir və qarşıdakı saatlarda yeni, daha güclü alışmaların baş verməsi ehtimalı yüksək olaraq qalır.
Firuzə Əliyeva
Sfera.az
