Milyon dollarlıq əsər yoxa çıxdı

Fransanın Metz şəhərində yerləşən Centre Pompidou-Metz muzeyində sərgilənən və 6,2 milyon dollar dəyərində qiymətləndirilən “divara bantlanmış banan” adlı sənət əsəri oğurlanıb.
Sfera.az xəbər verir ki, məşhur instalyasiyada istifadə olunan bananın yerində olmadığı ilk olaraq muzeyin təhlükəsizlik əməkdaşı tərəfindən aşkar edilib. Hadisə dərhal polisə bildirilib.
Muzey rəhbərliyi açıqlamasında qeyd edib ki, naməlum şəxs və ya şəxslərlə bağlı oğurluq faktı üzrə prokurorluğa müraciət olunub və araşdırma aparılır.
Bildirilib ki, oğurlanan bananın yerinə gecikmədən yenisi yerləşdirilib.
Qeyd edək ki, bu hadisə ilk dəfə baş vermir. Tez xarab olan meyvə olduğu üçün instalyasiyada istifadə olunan banan hər üç gündən bir yenilənir. Ötən ilin iyul ayında isə ziyarətçilərdən biri sərgidəki bananı yeyib, daha sonra mühafizəçilər tərəfindən tez bir zamanda yenisi ilə əvəz olunub.
Mənsumə
Sfera.az
