Anası sevgilisinə görə qızını 25 il otağa qapatdı - Ailə FACİƏSİ

Anası sevgilisinə görə qızını 25 il otağa qapatdı - Ailə FACİƏSİ
Kateqoriya məlum deyil
T

Fransada baş verən və uzun illər gizli saxlanılan Blanş Monye hadisəsi insanı sarsıdan ən məşhur ailə dramlarından biri kimi tarixə düşüb.

 

Sfera.az xəbər verir ki, bu hadisə cəmiyyətə yalnız hüquqi deyil, həm də mənəvi baxımdan böyük təsir göstərib. Hadisə XIX əsrin sonlarında Fransanın Puatye şəhərində baş verib. Zadəgan ailəsinə mənsub olan gənc qadın Blanş Monye gözəlliyi və savadı ilə tanınıb. Lakin onun həyatı sevgi seçiminə görə tamamilə dəyişib.

 

Belə ki, Blanş ailəsinin razı olmadığı bir kişi ilə evlənmək istəyib. Bu qərar isə xüsusilə anası Luiza Monye tərəfindən qəti şəkildə rədd edilib. Məlumata görə, ana qızının bu münasibətdən imtina etmədiyini gördükdə, onu evin yuxarı mərtəbəsində yerləşən kiçik bir otaqda gizli şəkildə saxlatdırıb. Blanş illərlə günəş işığı görmədən, tam qapalı şəkildə, demək olar ki, insanlarla ünsiyyətdən tam təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur edilib. Dəhşətli fakt isə ondan ibarətdir ki, bu əsirlik düz 25 il davam edib.

 

Blanş Monye 1901-ci ildə anonim məktub əsasında polis tərəfindən aşkar olunub. Hüquq-mühafizə orqanları evə daxil olduqda qarşılaşdıqları mənzərə şok edici idi: qadın ağır vəziyyətdə, son dərəcə zəif və baxımsız halda tapılmışdı. Hadisə Fransada böyük rezonans doğuruub. Blanşın anası Luiza Monye həbs olunsa da, məhkəmə prosesindən əvvəl vəfat edib. Qardaşı Marsel Monye isə hadisədə iştirakına görə məsuliyyətə cəlb olunub, lakin sonradan azadlığa buraxılıb.

 

Blanş Monye xilas edildikdən sonra psixoloji və fiziki travmalar səbəbindən normal həyata qayıda bilməyib və ömrünün qalan hissəsini xüsusi müəssisədə keçirib. Bu hadisə yalnız bir ailə faciəsi deyil, eyni zamanda cəmiyyət üçün ciddi bir dərs kimi qiymətləndirilir. Blanş Monyenin taleyi insan hüquqları, qadın azadlığı və ailə zorakılığı mövzularında uzun illər müzakirə olunmağa davam edib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ