Bu seriallara baxanları öldürürlər - edam sayı artdı

Bu seriallara baxanları öldürürlər - edam sayı artdı
Kateqoriya məlum deyil
T

Şimali Koreyada koronavirus (Covid-19) pandemiyasından sonra edamların sayında kəskin artım müşahidə olunub. Pxenyan rəhbərliyi xüsusilə xarici serial izləyənlərə və siyasi müxaliflərə qarşı amansız cəza tədbirlərini genişləndirib.

 

Sfera.az xəbər verir ki, insan haqları müdafiəçiləri tərəfindən hazırlanan yeni hesabata görə, ölkədə xarici mədəniyyət nümunələrinin istehlakı və siyasi cinayətlərə görə verilən ölüm hökmlərinin sayı dramatik şəkildə artıb. Pxenyan administrasiyası pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə 2020-ci ilin yanvarında ölkə sərhədlərini tamamilə qapadıb. İnsan haqları müdafiəçiləri bildiriblər ki, bu qapanma ölkədəki mövcud hüquq pozuntularını daha da ağırlaşdırıb. Hesabatda qeyd olunan bəzi dəhşətli faktlara əsasən, sərhədlərin bağlanmasından keçən 6 il ərzində edamların sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Eyni dövrdə ölüm hökmünə məhkum edilənlərin sayı isə üç dəfədən çox yüksəlib.

 

Xüsusilə Cənubi Koreya istehsalı olan film, serial və musiqilərə baxan şəxslərə qarşı ən ağır cəzalar tətbiq edilir. Yüzlərlə qaçqınla aparılan sorğular əsasında hazırlanan sənəddə 144 edam hadisəsi detallı şəkildə araşdırılıb. Məlum olub ki, edamların təxminən dörddə üçü ictimaiyyətə açıq şəkildə həyata keçirilib. Edam olunanların əksəriyyəti güllələnərək öldürülüb.

 

Ekspertlər hesab edir ki, Kim Çen In rejiminin bu addımları ölkə daxilində artan narazılığın qarşısını almaq və xalqı qorxu içində saxlamaq məqsədi daşıyır. Xüsusilə dövlət başçısını tənqid edənlərə qarşı repressiyalar pik həddə çatıb. Hazırda Şimali Koreyada təxminən 65 min nəfərin saxlanıldığı 4 böyük siyasi həbs düşərgəsi fəaliyyət göstərir. BMT rəsmiləri ölkədəki insan haqları vəziyyətinin son on ildə nəinki düzəlmədiyini, əksinə, daha da pisləşdiyini bəyan ediblər.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ