Döyüş filmləri əfsanəsi Çak Norris vəfat etdi

Məşhur amerikalı aktyor, döyüş filmləri əfsanəsi Çak Norris Havayda 86 yaşında vəfat edib. Ölümündən əvvəl təcili tibbi yardım çağrılsa da, hadisənin təfərrüatları açıqlanmayıb.
Sfera.az xəbər verir ki, Çak Norris təcili xəstəxanaya yerləşdirilməsi xəbəri yayıldıqdan sonra vəfat edib. Aktyor bir gün əvvəl tibbi təcili yardımla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əsl adı Karlos Rey Norris olan Çakın xəstəxanaya yerləşdirildikdən bəri zarafatlaşdığı və əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilirdi. Onun hamsı səbəbdən xəstəxanaya aparılması hələ də məlum deyil. Hadisə Oahu adasının şimal-qərbində yerləşən Kauai adasında baş verib. Görünür, Çakın səhhətindəki problemlər çərşənbə günü adada məşq edərkən qəfildən ortaya çıxıb.
Bir neçə gün əvvəl o, ad gününə həsr olunmuş sonuncu “İnstaqram” paylaşımını edib. 86 yaşlı idmançı bu ayın əvvəlində ad gününü qeyd edib və sosial mediada məşqçisi ilə döyüşərkən çəkilmiş video paylaşıb:
Aktyorun ailəsi “İnstaqram”da verdiyi açıqlamada onun ölümünü təsdiqləyib:
"Ailəmiz əziz Çak Norrisin dünən səhər qəfil vəfat etməsini dərin kədərlə bildirir. Vəziyyəti gizli saxlamaq istəyirik, amma xahiş edirik bilin ki, o, ailəsi ilə birlikdə olub".
Ailəsinin sözlərinə görə, geniş ictimaiyyət üçün o, əfsanəvi döyüş sənətçisi, aktyor və gücün təcəssümü olaraq qalıb. Ailəsi üçün isə qayğıkeş həyat yoldaşı, sevən ata və baba, etibarlı qardaş və həyatlarının əsl mərkəzi idi.
“Onun həyatı iman, aydın məqsəd hissi və sevdiklərinə dərin sədaqətlə dolu idi. Zəhməti, intizamı və xeyirxahlığı sayəsində o, dünyanın hər yerində milyonlarla insana ilham vermiş və bir çoxlarının həyatında dərin iz buraxmışdı. İtkidən sarsılsaq da, yaşadığı həyat və onunla bölüşmək şansımız olan unudulmaz anlar üçün əbədi minnətdarıq."
Ayrı-ayrılıqda ailəsi pərəstişkarlarına həyatı boyu aldıqları sevgi və dəstəyə görə təşəkkür edərək, onları yalnız pərəstişkar kimi deyil, həm də doğmaları kimi gördüklərini qeyd edib. Onlar həmçinin Norris xəstəxanaya yerləşdirilərkən dəstək və dua göndərən hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonda ailə bu çətin dövrdə şəxsi həyatlarına hörmət edilməsini istəyərək, Çak Norrisə sevən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Çak Norrisin möhtəşəm karyerası 1970-ci illərdə Brüs Li ilə birlikdə "Əjdahanın yolu" filmində çəkildikdən sonra başlayıb. Daha sonra o, geniş rəğbət qazanan "Missing in Action" və "Delta Force" filmlərindəki rolları ilə şöhrət qazanıb.
2000-ci illərdə aktyora maraq onun gücünü və dözümlülüyünü vurğulayan "Chuck Norris Facts" adlı internet memləri sayəsində yenidən canlanıb. Son illərdə ictimaiyyət qarşısında çox az görünsə də, aktyor internetdə böyük bir izləyici kütləsini qoruyub saxlaya bilib.
Aynil
