"Whatsapp"dan sevindirən yenilik - Bundan sonra...

"WhatsApp” zənglər zamanı səs keyfiyyətini yaxşılaşdırmaq üçün yeni daxili səs-küyün ləğvi funksiyasını sınaqdan keçirməyə başlayıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, xüsusilə tıxac, izdiham, külək və ya yüksək səslə musiqi olan mühitlərdə telefonla danışmağı çətinləşdirən fon səslərini aradan qaldırmağı hədəfləyən bu yenilik, istifadəçilərin zəng təcrübəsini daha rahat edəcək.
"WaBetaInfo”nun məlumatına görə, yeni funksiya iPhone istifadəçilərinə tanış olan “Səs İzolyasiyası” xüsusiyyətinə rəqib kimi hazırlanır.
Məlumata əsasən, “Google Play Store” üzərindən əldə edilə bilən “WhatsApp Android Beta 2.26.11.8” versiyasında aşkarlanan funksiya, zəng başladığı anda avtomatik olaraq aktivləşəcək. Səsli və video zənglər zamanı standart parametr kimi işləyəcək bu sistem, istifadəçinin səsinin qarşı tərəfə daha aydın çatdırılmasını təmin edəcək.
Platforma həmçinin istifadəçilərə kiçik ekran bildirişi ilə səs-küyün ləğvinin aktiv olduğunu göstərəcək. Bununla yanaşı, istifadəçilər bu funksiyanı istədikləri zaman əl ilə söndürə biləcəklər. Belə ki, konsert zamanı musiqini paylaşmaq və ya ətraf mühitin səsini qarşı tərəfə ötürmək istəyənlər üçün deaktivasiya seçimi də təqdim olunacaq.
Fidan Hacızadə
