Eskobarın belə çəkindoyi "Kokain Kraliçası" kim idi?

Kolumbiya təhlükəli narkotik dəstələri və amansız narkotik lordları ilə məşhur bir ölkədir. Məsələn, populyar mədəniyyətə əhəmiyyətli dərəcədə təsir göstərən Pablo Eskobar bu narkotik lordlarından yalnız biridir. Lakin Kolumbiya daha amansız və maraqlı həyat hekayələri olan cinayətkarların da məskənidir. "Kokain Kraliçası", "Xaç Anası", "Qara Dul" və "Boss" kimi ləqəblərlə tanınan Qriselda Blanko da həmin cinayətkarlardan biridir. Kolumbiyadan ABŞ-a qədər uzanan bir narkotik şəbəkəsinin memarı olduğu və yüzlərlə insanın ölümünə görə məsuliyyət daşıdığı deyilən bu cinayət imperatriçası, “Netflix” serialı ilə bir daha diqqət mərkəzində olub.
Sfera.az bu yazıda Qriselda Blanko haqqında məlumat təqdim edir.
Qriselda Blanko 1943-cü ildə Kolumbiyanın Kartaxena şəhərində anadan olub.
Üç yaşında anası ilə birlikdə Medellinə köçüb, cinayət dünyasına gənc yaşlarında, sonradan ölkənin və hətta dünyanın narkotik paytaxtına çevriləcək Medellində daxil olub.
İddialara görə, o, ilk ağır cinayətini 11 yaşında törədib.
O, varlı bir ailədən bir uşağı qaçırıb, girov tələb edib və ailə ödəməkdən imtina etdikdə qurbanını öldürüb. Sonrakı illərdə o, Medellinin ən məşhur oğrularından birinə çevrilib. Lakin Qriselda Blanko adi cinayətkar deyildi.
1960-cı illərin əvvəllərində Qriselda Blanko uzun müddət birlikdə olduğu ilk əri Karlos Trujillo ilə birlikdə ABŞ-da məskunlaşıb.
Karlos Trujillo da Kolumbiyadakı cinayətkar dünyasının üzvü olub. Cütlüyün üç övladı var idi və ABŞ-a qanunsuz yolla daxil olmuşdular. Onlar cinayətkar fəaliyyətlərini ABŞ-da davam etdiriblər.
Blanko ikinci əri Alberto Bravo ilə 1970-ci illərin əvvəllərində evlənib.
Bravo kiçik miqyaslı narkotik qaçaqmalçısı idi. Onların birliyi Qriselda Blankonun tarixin ən böyük cinayətkar imperatriçalarından birinə çevrilməsinə səbəb oldu.
Qriselda Blanko narkotik ticarətində misli görünməmiş metodlardan istifadə etdi.
Məsələn, ABŞ hakimiyyət orqanlarına görə, o, narkotik ticarətinin davamlılığını təmin etmək üçün birdən çox təchizatçı ilə işləyən ilk qaçaqmalçı idi. Gizli bölmələri olan alt paltarları da bu qaçaqmalçılıq əməliyyatının əsas elementi idi. Əslində, sonrakı illərdə Blanko həm ön cəbhə, həm də qaçaqmalçılıq fəaliyyətlərini asanlaşdırmaq üçün alt paltarı fabriki açdı.
Blankonun narkotik ticarətindəki bacarığı sayəsində Alberto Bravo və Qriselda Blanko cinayətkar aləmdə əhəmiyyətli oyunçulara çevrildilər.
Cütlük Kolumbiya və ABŞ arasında geniş narkotik ticarəti şəbəkəsi qurmağı bacardı. Bu cinayətkar imperiya Bravo dəstəsi kimi tanınsa da, nəhəng strukturun arxasında duran şəxs məhz Qriselda Blanko idi.
ABŞ-da narkotik ticarətində ittiham olunan Blanko 1975-ci ildə Kolumbiyaya qayıdıb.
Bu müddət ərzində o, əri Alberto Bravonun ondan pul mənimsəməsindən şübhələnirdi. Bu, cütlük arasında münaqişəyə çevrildi və Bravonun ölümü ilə nəticələndi. Beləliklə, Qriselda Blanko cinayətkar imperiyanın yeganə və mübahisəsiz lideri oldu.
O, 1970-ci illərin sonlarında ABŞ-a qayıtdı.
Həmçinin qaçaqmalçılıq əməliyyatlarının mərkəzini Nyu-Yorkdan Mayamiyə köçürdü. Mayami o zaman digər Kolumbiyalı narkotik lordlarının mərkəzi idi. Qriselda Blankonun "peyda olması" 1980-ci illərin əvvəllərində "Mayami Narkotik Müharibələri"nə səbəb oldu. Şəhərdəki silahlı toqquşmalarda yüzlərlə kartel üzvü həyatını itirdi. Blankonun aparıcı rol oynadığı münaqişələr və dayanılmaz narkotik ticarəti ABŞ hökumətini narkotiklərlə mübarizə aparmaq üçün yeni bir bölmə yaratmağa vadar etdi.
Kartelin ən vacib fiqurlarından birinə çevrilən və Kokain Kraliçası kimi tanınan Qriselda Blanko 1985-ci ildə həbs olunub.
Kokain istehsalı, idxalı və paylanmasında ittiham olunan Blanko hakim qarşısına çıxarılıb, günahkar bilinib və 15 il həbs cəzasına məhkum edilib. Lakin Blanko həbsxanada olarkən belə cinayətkar imperiyasını idarə etməyə davam edib.
O, 2004-cü ildə səhhətindəki problemlərə görə azadlığa buraxılıb və Kolumbiyaya deportasiya edilib.
Cinayətkar imperiyasının zirvəsində olan Blanko ayda 80 milyon dollar qazanıb.
Mayamidə olduğu müddətdə o, dəbdəbəli malikanələr və şəxsi təyyarələrlə əhatə olunmuş bir həyat yaşayıb. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, o, 1970-ci illərin sonuna qədər 2 milyard dollar sərvət toplamışdı.
Qriselda Blanko yüzlərlə insanın ölümünə görə məsuliyyət daşıyırdı.
Həbsxanada olduğu illər ərzində o, bir neçə qətldə ittiham olunub və günahını boynuna alıb. Lakin ekspertlərin fikrincə, Qriselda Blankonun öldürdüyü və ya sifarişlə öldürdüyü insanların sayı daha çox olub. Əslində, Kokain Kraliçası ilə bağlı ciddi tədqiqatlar aparılıb.
Ciddi araşdırmalar aparan bəzi səlahiyyətlilərə görə, Blanko yüzlərlə insanın "borca görə, yükü səhv saldıqları üçün və ya sadəcə onların görünüşünü bəyənmədiyi üçün" ölümünə əmr verib. Blankonun öldürdüyü şəxslər arasında onun həyat yoldaşları da var idi. "Qara Dul" şəxsən onun hər iki ərinin ölümünə əmr verib.
İllərlə fəaliyyət göstərdiyi müddətdə onlarla insanın ölümünə səbəb olan Blanko kartelin ən amansız fiqurlarından biri idi.
Bu məqamda Qriselda Blanko ilə Pablo Eskobar arasındakı münasibət də olduqca maraqlıdır. Qriselda Blanko Eskobarın çəkindiyo və hətta qorxduğu yeganə kartel üzvü idi. Eskobar məşhur bir ifadə ilə demişdi: "Qorxduğum tək kişi Qriselda Blanko adlı bir qadın idi". Bu, kifayət qədər yayğın bir iddiadır.
Həbsdən azad edildikdən sonra Qriselda Blanko vətəni Kolumbiyaya qayıtdı və ABŞ-da keçirdiyi dövrlə müqayisədə daha təvazökar bir həyat sürdü. Bu, onun cinayətkar aləmdən uzaqlaşdığı təəssüratını yaratdı. Lakin bəziləri onun ölümünün səbəbini nəzərə alaraq bunun bir aldatma olduğunu düşünür. Blanko 3 sentyabr 2012-ci ildə Medellində bir qəssab dükanından çıxarkən motosiklet sürən bir hücumçu tərəfindən güllələnərək öldürülüb. Bu, Blankonun rəhbərlik etdiyi cinayətkar təşkilat tərəfindən istifadə edilən ümumi bir sui-qəsd üsulu idi. Blanko öldürüləndə 69 yaşında idi.
Aynil
