Məşhur marka yeyilə bilən çanta istehsal etdi - FOTO

Dünyaca məşhur "Louis Vuitton" bu il Pasxa bayramı münasibətilə qeyri-adi yeniliyə imza atıb.
Sfera.az xəbər verir ki, brend məşhur şokolad ustası "Maxime Frédéric" ilə əməkdaşlıq çərçivəsində yeyilə bilən “çanta” təqdim edib. “Sac Œuf Jaune” adlanan bu xüsusi məhsul 2026-cı il üçün "La Collection de Pâques 2026" kolleksiyası çərçivəsində Paris şəhərində təqdim olunub. Bu şokolad çanta əslində Nikola Geskyer tərəfindən 2019-cu ilin yaz-yay kolleksiyası üçün hazırlanmış məşhur “Sac Œuf” modelindən ilhamlanıb. Təxminən 1050 qram çəkisi olan bu əl işi məhsul yüksək moda ilə qastronomiyanın unikal sintezini əks etdirir.
Çanta iki hissədən ibarət tünd şokoladdan hazırlanıb və içərisi qovrulmuş qoz-fındıq, şəkərlənmiş meyvələr və zəngin fındıq pralinəsi ilə doldurulub. Sapları və fermuar hissəsi isə rəngli detallarla bəzədilmiş ağ şokoladdan hazırlanıb.
Mərkəz hissəsində isə limon karameli ilə zənginləşdirilmiş südlü şokolad pralinəsi gizlənir. Dad tərkibi də xüsusi diqqətlə hazırlanıb: 31% tünd şokolad, 20% südlü şokolad, 17% qovrulmuş fındıq, əlavə olaraq qovrulmuş pekan qozu, portağal qabığı və az miqdarda “fleur de sel” (dəniz duzu) istifadə olunub. Qiyməti 250 avro olan bu qeyri-adi şokolad çanta yalnız "Le chocolat Maxime Frédéric" məkanında satışa çıxarılıb.
İnci
Sfera.az




