Müharibə bu sektora ciddi zərbə vurdu

İsrailin ABŞ ilə birlikdə İrana qarşı başladığı hücumlar Körfəz ölkələrinə də təsir göstərib. Yay mövsümünün yaxınlaşdığı bir vaxtda avropalı turistlər planlarından bu regionu çıxarmağa başlayıblar.
Sfera.az xəbər verir ki, müharibə və gərginlik yaşanan bölgələr turistlər üçün ciddi təhlükəsizlik narahatlığı yaradır.
Dünya Səyahət və Turizm Şurasının məlumatına görə, son geosiyasi risklər Orta Şərqdə turizm gəlirlərinin gündə təxminən 600 milyon dollar azalmasına səbəb olub. Halbuki turizm bölgədəki bir çox ölkə üçün əsas gəlir mənbələrindən biridir.
Uçuşlar ləğv olunur
Bir sıra ölkələr üçün səyahət xəbərdarlıqlarının edilməsi və bəzi uçuşların ləğv olunması turist axınını daha da azaldıb. Bölgədə artan təhlükəsizlik narahatlığı, hava məkanına qoyulan məhdudiyyətlər və uçuşların ləğvi turizm sektoruna mənfi təsir göstərir.
Təyyarə biletləri bahalaşıb
Tələbatın qəfil artması səbəbindən bəzi istiqamətlər üzrə uçuş qiymətləri ciddi şəkildə yüksəlib. Tur operatorları bildirirlər ki, məhdud oturacaq sayı xüsusilə uzun məsafəli uçuşlarda qiymətlərin sürətlə artmasına səbəb olub.
Turistlər yeni istiqamətlər seçir
Məlumata görə, avropalı turistlər Şərqi Aralıq dənizi ölkələri əvəzinə İspaniya, İtaliya, Karib hövzəsi, Portuqaliya, Malta və Xorvatiya kimi alternativ istiqamətlərə üz tutmağa başlayıblar.
Səyahət şirkətlərinin məlumatına əsasən, Avropadan yay tətili planlaşdıran bir çox turist Şərqi Aralıq dənizi ölkələrinə getmək fikrindən daşınaraq istiqamətlərini Qərbi Avropa və Karib bölgəsinə dəyişirlər.
Mənsumə
Sfera.az
