Beynəlxalq Çaylar Günü: Dünyanın “damarları” necə qorunur?

Beynəlxalq Çaylar Günü: Dünyanın "damarları" necə qorunur?
Kateqoriya məlum deyil
T

Hər il martın 14-ü dünyada Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günü kimi qeyd olunur.


Sfera.az xəbər verir ki, bu gün çayların qorunması, onların ekosistemlər və insanlar üçün əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədi daşıyır.

 

Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər çayların çirklənmədən qorunması, su ehtiyatlarından səmərəli istifadə və təbii su axarlarının bərpası kimi məsələləri gündəmə gətirir.


Bu günün qeyd olunması təşəbbüsü 1997-ci ildə Braziliyanın Kuritiba şəhərində keçirilən Bəndlərə Qarşı Beynəlxalq Görüş zamanı irəli sürülüb. Həmin görüşdə dünyanın onlarla ölkəsindən gələn ekoloqlar, ictimai fəallar və alimlər çayların bəndlər, sənaye tullantıları və ekoloji təzyiqlər nəticəsində zərər görməsi problemini müzakirə edərək, 14 mart tarixinin beynəlxalq gün kimi qeyd olunmasını təklif ediblər. Sonradan bu təşəbbüs bir sıra beynəlxalq ekoloji təşkilatlar tərəfindən dəstəklənib.


Mütəxəssislərin fikrincə, çaylar planetin su dövranında mühüm rol oynayır. Onlar həm içməli su mənbəyi, həm kənd təsərrüfatı üçün əsas su təminatçısı, həm də müxtəlif canlı növlərinin yaşayış mühitidir. Lakin son onilliklərdə sənaye tullantıları, bəndlərin tikilməsi və iqlim dəyişiklikləri bir çox çayların ekosistemini ciddi təhlükə altına salıb.


BMT-nin məlumatlarına görə, dünyada milyardlarla insanın həyatı və dolanışığı çaylardan asılıdır. Buna görə də çayların qorunması təkcə ekoloji deyil, həm də sosial və iqtisadi məsələ hesab olunur.


Azərbaycanda da böyük çay sistemləri mövcuddur. Ölkənin əsas su arteriyası sayılan Kür çayı və onun ən böyük qolu olan Araz çayı həm su təminatı, həm kənd təsərrüfatı, həm də ekosistem baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan çayların qorunması və su ehtiyatlarının düzgün idarə olunması region üçün strateji məsələdir.


Beynəlxalq Çaylar Günü çayların yalnız su mənbəyi deyil, həm də planetin ekoloji tarazlığını qoruyan vacib təbii sistemlərdən biri olduğunu bir daha xatırladır.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ