Böyük qadın kimi oyanan Ellen Sadlerin müəmmalı hekayəsi

İngiltərə Kral Artur, sehrbaz Merlin və sirli Avalon Adası haqqında mifik əfsanələri ilə məşhurdur. Bu ölkədə, 19-cu əsrdə real həyatda Yatan Gözəlin yaşadığını isə çox az adam bilir. Təxminən 10 il yuxuda olan qızın adı Ellen Sadler idi. O vaxtkı dövrə xarakterik olan inanclar kimi, bir cadugər qurbanı da deyildi. O, mənşəyi hələ də qızğın müzakirə olunan sirli bir xəstəliyə tutulmuşdu.
Sfera.az balaca qız kimi yuxuya gedib böyük qadın kimi oyanan Ellen Sadler haqqında yazı təqdim edir.
Ellen Sadler 1859-cu ildə kiçik İngilis kəndi olan Turvilledə anadan olub. Onun 11 qardaşı və bacısı var idi. Ailə son dərəcə kasıb olduğundan,Ellen 11 yaşından etibarən pul qazanmağa məcbur olmuş, qonşu kənddə dayə kimi işləyirdi.

Qız həmyaşıdları ilə səs-küylü oyunlardan zövq almırdı. O, olduqca utancaq bir uşaq idi və baş verənləri kənardan izləməyi üstün tuturdu. Lakin Ellen himayəsindəki balacalarla yola getməyi asan hesab edirdi. Valideynləri belə kiçik bir köməkçinin böyüdüyünə görə həqiqətən sevinirdilər. Bu, Ellenin səbəbsiz yuxululuq və baş ağrılarından əziyyət çəkməyə başlayana qədər davam etdi. Onu müayinə edən həkim beyin şişindən şübhələndi. Əgər Ellen bu gün yaşasaydı, ona MRT müayinəsi etdirər və müalicə təyin edərdi. Lakin 150 il əvvəl həkim sadəcə çiyinlərini çəkməklə, uşağa daha çox istirahət etməyi məsləhət görüb.
Qızın vəziyyəti get-gedə pisləşir və nadir hallarda yatağından qalxırdı. Bir gün Ellen dərin yuxuya getdi. Günlər və həftələr keçsə də, oyanmadı. Qızını sağ saxlamaq üçün anası ağzına bulyonlar, şorbalar və isti süd tökürdü.
Qeyri-adi qız haqqında şayiələr bütün İngiltərəyə yayıldı. Tezliklə "Turvilin Yatmış Gözəli"ni öz gözləri ilə görmək üçün Sadlerlərin evinə turist axını gəlirdi.

Valideynlər tez bir zamanda qızlarının xəstəliyinin onların maddi vəziyyətlərini yaxşılaşdıra biləcəyini anlayaraq, turistlərdən pul almağa başladılar. Zamanla hər bir Britaniya qəzeti qızları haqqında yazmağa başladı və az tanınan Turvil kəndi əsl turist məkanına çevrildi.
Ellenin anası iyirmi yaşında ikən vəfat etdi. Qıza qulluq böyük bacılarının öhdəsinə keçdi. Anasının ölümündən bir neçə ay sonra qız oyandı. Yuxusu təxminən 10 il davam etmişdi.
Əlbəttə ki, Ellen başına gələnlərdən dəhşətə gəldi. Lakin qayğıkeş bacıları ona tez bir zamanda uyğunlaşmağa kömək etdilər. Ona necə geyinməyi və özünü necə təmizləməyi öyrətdilər. Ağıllı qız işləməyə başladı. O, müştərilər arasında böyük tələbat olan gözəl muncuqlu zərgərlik əşyaları hazırlayırdı. İki il sonra Yatmış Gözəl öz şahzadəsini tapdı. O, qonşu kənddən olan bir fermerlə evləndi. Cütlüyün altı uşağı var idi. Əgər Ellen birdən yenidən yuxuya getməsəydi, bu nağıl hekayəsi xoşbəxtliklə bitə bilərdi. Bu dəfə, əbədi olaraq.

Hələ də heç kim Ellenə hansı xəstəliyin əzab verdiyini bilmir. Çoxları inanır ki, anası illərlə qızına narkotik otlar verib. Axı, qız da məhz onun ölümündən sonra oyanmışdı.
Başqa bir versiyaya görə, Sadler narkolepsiyadan əziyyət çəkirdi. Lakin bu vəziyyətdə yuxululuq bu səviyyəyə çatmır. Narkolepsiyadan əziyyət çəkən insanlar sinir yorğunluğuna meyllidirlər. Ellenin erkən ölümünün də məhz ağır depressiyanın nəticəsi olması mümkündür. Ona görə də hələ ki, bu versiya daha çox ağlabatandır.
Aynil
