Dubayın imici zədələndi: Lüks turizmin mərkəzində panika

Lüks turizmin simvolu olan Dubay, İranın hücumlarından sonra tanınmaz hala düşüb. Bir vaxtlar şəhərə axın edən turistlər indi təhlükəsizlik qayğıları səbəbindən Dubayı mümkün qədər tez tərk etmək üçün hava limanına tələsirlər.
Sfera.az xəbər verir ki, İranın həyata keçirdiyi raket hücumlarından sonra Yaxın Şərqdə artan gərginlik Dubayda ciddi panika yaradıb.
Əvvəllər turizm və biznes mərkəzi kimi tanınan şəhərdə hazırda minlərlə insan təcili təxliyə üçün Dubay Beynəlxalq Hava Limanına üz tutur.
Hava limanında izdiham yaranıb
Bölgədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində hava limanında böyük izdiham müşahidə olunur. Hava məkanına qoyulan məhdudiyyətlər və çoxsaylı uçuşların ləğvi səbəbindən sərnişinlər terminal binalarında uzun müddət qalmağa məcbur olurlar.
Sərnişinlər təhlükəsiz ölkələrə qayıtmaq üçün saatlarla bilet növbələrində gözləyirlər. Kameralara düşən görüntülərdə turistlərin və iş adamlarının gərgin anlar yaşadığı açıq görünür. Bu vəziyyət Dubayın illərdir formalaşmış “təhlükəsiz liman” imicinə ciddi zərbə vurub.
Dubayın “təhlükəsizlik” imici sarsılıb
Artan gərginlik lüks turizmin mərkəzi olan Dubayın parıltısını kölgədə qoyub. Şəhərin həmişə canlı olan küçələri indi sükuta qərq olub. Hava limanındakı sıxlıq və turistlərin tələsik şəhəri tərk etməsi vəziyyətin nə qədər kritik olduğunu göstərir.
Turizm fəaliyyəti dayanıb
Dubayda turizm və işgüzar fəaliyyətlər demək olar ki, dayanıb. Məşhur ticarət mərkəzləri, otellər və digər turistik məkanlar boşalıb. Şəhər öz turizm potensialını itirərək ciddi təhlükəsizlik böhranı ilə üzləşib.
Bu hadisələr Dubayın son illərdə qazandığı “təhlükəsiz və lüks sığınacaq” imicini alt-üst edib və Yaxın Şərqdəki böhran şəhərin iqtisadiyyatına, xüsusən də turizm gəlirlərinə ağır zərbə vurub.
Mənsumə
Sfera.az
