Robot tozsoran sizi izləyə bilər – Şəxsi görüntülər risk altındadır

Robot tozsoran sizi izləyə bilər – Şəxsi görüntülər risk altındadır
Kateqoriya məlum deyil
T

Çin istehsalçısına məxsus robot tozsoranlarda ciddi təhlükəsizlik boşluğu aşkarlanıb. Cihazların istehsalçı serverləri ilə əlaqə mexanizmini araşdıran zaman mütəxəssis təsadüfən sistemdəki zəifliyi müəyyən edib. Araşdırma nəticəsində məlum olub ki, təhlükəsizlik boşluğu səbəbindən 24 ölkədə istifadə olunan təxminən 7000 robot tozsorana uzaqdan giriş imkanı yaranıb. Bu isə istifadəçilərin şəxsi məlumatlarının və kamera görüntülərinin risk altına düşməsi ehtimalını gündəmə gətirib.


Robot tozsoranlar başqa ölkələrlə yanaşı Azərbaycanda da bir çox evdə istifadə olunur.


Bu tip təhlükəsizlik boşluğunun Azərbaycanda istifadə olunan robot tozsoranlarda da ortaya çıxması mümkündürmü? Əgər belə risk realdırsa, istifadəçilər cihazlarının təhlükəsizliyini necə təmin edə və ya bundan necə əmin ola bilərlər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, robot tozsoran artıq sadə məişət texnikası deyil o, əslində internetə qoşulan kiçik kompüterdir: 

 


“Bu robot tozsoranların bir çoxu mobil tətbiq vasitəsilə idarə olunur və istehsalçı serverləri ilə daim əlaqədə olur. Bu əlaqə vasitəsilə xəritələmə məlumatları, cihazın statusu və bəzi hallarda kamera görüntüləri ötürülə bilər. Əgər server tərəfdə və ya cihazın proqram təminatında zəiflik yaranırsa, nəzəri olaraq üçüncü şəxslər həmin cihazlara uzaqdan giriş əldə edə bilər. Bu isə istifadəçinin ev planı, kameradan görüntü və ya digər texniki məlumatların risk altına düşməsi deməkdir. Ancaq hansısa modeldə təhlükəsizlik zəifliyi aşkarlanıbsa, bu problem yalnız bir ölkəyə aid olmur. Həmin model dünyanın harasında istifadə olunursa, eyni risk nəzəri olaraq orada da mövcuddur. Yəni Azərbaycanda istifadə olunan cihazlar da eyni proqram təminatından istifadə edirsə, bu cür boşluqlar burda da yarana bilər. Lakin bu o demək deyil ki, bütün robot tozsoranlar təhlükəlidir. Adətən belə boşluqlar aşkar ediləndə istehsalçı proqram yeniləməsi yayımlayır və problem aradan qaldırılır”. 


Mütəxəssis istifadəçilərin ilk diqqət etməli olduğu məsələnin cihazın proqram təminatını mütəmadi yeniləmək olduğunu vurğulayıb: 


“Bir çox istifadəçi bu bildirişləri görməzdən gəlir, amma təhlükəsizlik baxımından ən vacib addımlardan biri məhz budur. İkinci məsələ cihazın qoşulduğu "Wi-Fi" şəbəkəsinin qorunmasıdır. "Router" üçün güclü parol istifadə etmək, standart parolları dəyişmək və şəbəkəni açıq saxlamamaq çox vacibdir. Digər vacib nüans isə odur ki, istifadəçilər tətbiqin verdiyi icazələrə də diqqət etməlidir. Bəzi modellərdə kamera və uzaqdan görüntü funksiyası olur. Əgər bu funksiyaya ehtiyac yoxdursa onu deaktiv etmək daha təhlükəsizdir. Bir məsləhət də odur ki, istifadəçilər ağıllı cihaz alarkən yalnız qiymətə yox, istehsalçının təhlükəsizlik siyasətinə də baxmalıdırlar. Tanınmış brendlər adətən daha tez təhlükəsizlik yeniləmələri təqdim edir və istifadəçi məlumatlarının qorunmasına daha çox diqqət yetirir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ