Günəşdə dəlik yaranıb – Yerə də təsiri olacaq

Günəşdə yeni tac (koronal) dəliyi formalaşıb və o, yaxın günlərdə Yer kürəsinin geomaqnit mühitinə təsir göstərə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İFİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, yeni koronal dəliyin konturları artıq tam formalaşıb və Günəş koronasının şəkillərində aydın görünür. Hazırda geomaqnit vəziyyət sabit olaraq qalır. Son sutka ərzində yalnız qısa və zəif pozuntular qeydə alınıb, günəş küləyinin sürətində isə cüzi artım müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, tac dəliyinin təsiri təxminən üç-dörd gün ərzində hiss oluna bilər. Bu müddət yüksək sürətli günəş plazmasının Yerə çatması üçün tələb olunan orta zamana uyğundur. İlkin proqnozlara əsasən, həftənin sonuna qədər ciddi aktivlik artımı gözlənilmir.
Qeyd edək ki, fevral ayı yanvarla müqayisədə daha sakit keçir. Yanvarda rekord sayda geomaqnit fırtınası qeydə alınmışdı ki, bu da 2017-ci ilin sentyabrından bəri ən yüksək göstərici hesab olunur. Tac dəliyi ilə yanaşı, Günəşdə yeni alışma da baş verib. Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, fevralın 12-də Moskva vaxtı ilə saat 05:40-da 4367 nömrəli günəş ləkəsi qrupunda (N11W88 koordinatları) 21 dəqiqə davam edən M1.4 sinifli alışma qeydə alınıb.
Bundan bir gün əvvəl – fevralın 11-də isə 4366 nömrəli aktiv bölgədə dörd güclü alışma baş verib. Bildirilir ki, həmin bölgə son dövrdə M və X sinifli alışmaların sayına görə 21-ci əsrin rekordunu qırıb; ümumilikdə 66 hadisə qeydə alınıb.
M sinifli alışmalar güc baxımından ən yüksək X sinfindən bir pillə aşağıdır və Yerə istiqamətləndiyi halda geomaqnit fırtınalarına səbəb ola bilər. Rentgen təsnifatına əsasən, Günəş alışmaları A-dan X-ə qədər şkala üzrə qiymətləndirilir və hər növbəti sinif enerjinin on qat artmasını ifadə edir.
Alimlər vurğulayırlar ki, tac dəlikləri adətən G1–G2 səviyyəli (zəif və orta) geomaqnit pozuntularına səbəb olur.
Firuzə Əliyeva
Sfera.az
