“Apple” son yeniləməsini təqdim edir: iOS 26.2-də hansı yeniliklər olacaq?

“Apple” “iPhone” istifadəçiləri üçün ilin son böyük yeniləməsi sayılan iOS 26.2-ni dekabr ayının ortalarında təqdim etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, şirkət artıq üç beta versiyasını yayımlayıb və yeniləmənin dördüncü beta və ya buraxılış namizədindən (RC) sonra ümumi istifadəyə veriləcəyi gözlənilir.
“Apple”ın əvvəlki illərdəki yeniləmə cədvəli iOS 26.2-nin dekabrın ikinci həftəsində təqdim ediləcəyinə işarə edir. Əgər dördüncü beta bu həftə yayımlansa, yeniləmənin 11 dekabr ətrafında, ən gec isə 15–16 dekabr tarixlərində istifadəyə veriləcəyi ehtimal olunur. Şirkətin Yaponiyada tətbiq olunan yeni tənzimləyici qaydalar səbəbilə təqvimi bir qədər dəyişə biləcəyi də vurğulanıb.
Yeni yeniləmə bir sıra funksional yeniliklərlə diqqət çəkib. Kilid ekranında “Maye şüşə” effektinin şəffaflığını tənzimləmək üçün əlavə tənzimləmə çubuğu təqdim edilib. “Xatırlatmalar” tətbiqinə siqnal funksiyası əlavə olunub. “AirDrop”da isə əlaqə siyahısında olmayan şəxslərlə təhlükəsiz fayl paylaşımını təmin edən birdəfəlik kod yaratma xüsusiyyəti istifadəyə veriləcək. “AirPods” istifadəçiləri üçün “Canlı tərcümə” funksiyası aktiv olacaq.
Yaponiyada yaşayan istifadəçilər isə alternativ tətbiq mağazalarına giriş hüququ əldə edəcək. Mütəxəssislər “Apple”ın iOS 26.2-dən dərhal sonra iOS 26.3-ün ilk beta versiyasını testə çıxaracağını gözləyir. Lakin bildirilib ki, x.3 yeniləmələri adətən böyük dəyişikliklərdən deyil, sistem optimizasiyalarından ibarət olur.
Bəsti Rəfizadə
Sfera.az
