2 dekabrın əhəmiyyəti – Köləlik müasir formada hələ də qalır

2 dekabrın əhəmiyyəti – Köləlik müasir formada hələ də qalır
Kateqoriya məlum deyil
T

2 dekabr dünyada Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi qeyd edilir.

 

Sfera.az xəbər verir ki, BMT-nin qərarı ilə təsis olunan bu gün müasir köləliyin müxtəlif formalarına – insan alveri, məcburi əməyə cəlb etmə, uşaqların istismarı, məişət köləliyi, erkən nikahlar və digər neqativ hallara qarşı mübarizəyə diqqət çəkmək məqsədi daşıyır.

 

Mütəxəssislərin sözlərinə görə, qlobal çağırışlar fonunda müasir köləliyin yeni formaları ortaya çıxmaqda davam edir. İqtisadi çətinliklər, müharibələr, miqrasiya axınları və sosial həssaslıq insanları istismar riskinə daha açıq vəziyyətə gətirir. BMT-nin son hesabatlarında bildirilir ki, hazırda dünyada 50 milyondan çox insan müxtəlif formalarda köləliyə məruz qalır.

 

Ekspertlər hesab edir ki, müasir köləliyin qarşısının alınması üçün dövlətlərin hüquqi mexanizmləri gücləndirməsi, sərhədlərarası əməkdaşlığın artırılması, həmçinin əhalinin maarifləndirilməsi mühüm rol oynayır

.

Azərbaycan da müasir köləlik və insan alveri ilə mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Ölkədə insan alverinə qarşı mübarizə üzrə dövlət proqramları həyata keçirilir, qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb.

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi nəzdində xüsusi sığınacaq fəaliyyət göstərir, istismar qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər görülür. Həmçinin maarifləndirmə kampaniyalarının genişləndirilməsi, risk qruplarının mühafizəsi və sərhədlərdə nəzarətin gücləndirilməsi də əsas prioritetlərdəndir.

 

Rəsmi məlumatlara görə, Azərbaycanda hər il insan alveri ilə bağlı onlarla cinayət işi araşdırılır, istismar şəbəkələrinin aşkarlanması və qarşısının alınması istiqamətində əməliyyatlar keçirilib.

 

Qeyd edək ki, 1949-cu il 2 dekabr tarixində BMT tərəfindən “İnsan alveri və fahişəlikdən qazanc əldə edilməsinin qarşısının alınması Konvensiyası” qəbul edilib. Məhz bu tarixin seçilməsi də həmin sənədin qəbuluna dayanır. Bu gün isə beynəlxalq ictimaiyyət üçün insan hüquqlarının qorunması sahəsində mühüm simvolik əhəmiyyət daşıyır.

PAYLAŞ