“Galaxy S26 Ultra”da bu yenilik olacaq

“Samsung” yaxın zamanda təqdim edəcəyi “Galaxy S26 Ultra” modeli ilə enerji doldurulması sürətində yeni mərhələyə keçməyə hazırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin “One UI 8.5” yeniləməsinin kodlarında “Super sürətli enerji 3.0” adlandırılan yeni texnologiyanın izlərinə rast gəlinib.
Məlumata görə, bu funksiya xüsusi olaraq “S26 Ultra” üçün hazırlanır. Yeni texnologiya sayəsində modelin kabelli enerji gücünün mövcud 45W-dan 60W səviyyəsinə yüksəldiləcəyi bildirilib. Bu isə “Galaxy S26 Ultra”nı 25W və 45W enerji sürəti təklif edən hazırkı “Samsung” cihazlarından fərqləndirərək, şirkətin ilk dəfə 60W sürətli batareya dəstəyi təqdim edən smartfonu edəcək.
Mütəxəssislər qeyd ediblər ki, super sürətli batareya 3.0 yalnız proqram təminatı ilə mümkün olmayan, keyfiyyət səviyyəsində xüsusi dəstək tələb edən bir funksiyadır. Bu səbəbdən də yeni texnologiyanın köhnə “Samsung” modellərinə gətirilməsi real sayılmır.
Hazırda funksiyanın “One UI 8.5”in daxili kodlarında gizli şəkildə saxlanıldığı və rəsmi olaraq yalnız növbəti nəsil smartfonlarla birlikdə istifadəyə veriləcəyi ehtimal olunur.
Bəsti Rəfizadə
Sfera.az
