2025-də yaddaqalan 10 qlobal hadisə: Dünyada nələr baş verdi? - ARAŞDIRMA

2025-ci il beynəlxalq münasibətlərdən tutmuş texnoloji inkişafa, təhlükəsizlik böhranlarından iqlim fəlakətlərinə qədər geniş spektrdə tarixi dönüş nöqtələri ilə yadda qalıb. Əldə olunan razılaşmalar, baş verən gərginliklər və qlobal güc balansındakı dəyişikliklər bu ili həm təhlükəli, həm də dönüşlü bir mərhələyə çevirib.
Sfera.az 2025-ci ilin ən mühüm 10 hadisəsini təqdim edir.
İsrail–HƏMAS razılaşması
ABŞ-nin təzyiqləri nəticəsində İsrail və HƏMAS arasında iki il davam edən münaqişədən sonra atəşkəs əldə edilib. Girovların azad olunması və fələstinli məhbusların sərbəst buraxılması prosesə daxil olsa da, humanitar vəziyyət hələ də kritik olaraq qalır. BMT bölgənin yardım ehtiyacının qarşılanmadığını bildirir. Eyni zamanda İsrailin İranın nüvə obyektlərinə hücumu regionda gərginliyi daha da artırıb.
Trampın hakimiyyətə qayıtması
Digər önəmli hadisə yanvarda yenidən hakimiyyətə gələn Donald Trampın federal idarələrdə islahatları, kütləvi deportasiyaları, media üzərində təzyiqləri və Milli Qvardiyanın demokrat ştatlara yerləşdirilməsi ilə müzakirələrə səbəb olmasıdır. İqtisadi narazılıq və inflyasiya Respublikaçıların yerli seçkilərdə ağır məğlubiyyət almasına gətirib çıxarıb. Trampın hakimiyyətə qayıdışı Ukrayna müharibəsinə dair danışıqları sürətləndirsə də, Vaşinqtonun ardıcıl olmayan siyasəti narahatlıq yaradıb. Trampın Zelenskini sərt şəkildə tənqid etməsi və Putinlə qısa sürən görüşdən sonra Rusiyaya yeni sanksiyalar tətbiq edilməsi vəziyyəti daha da gərginləşdirib. Ukrayna isə bu müddətdə rekord sayda raket hücumu ilə üzləşib.
Yüksək tariflərin tətbiqi
ABŞ-nin polad, alüminium və mis kimi strateji məhsullara yüksək tariflər tətbiq etməsi qlobal ticarətdə gərginliyi artıran hadisələrdən olub. Çin, Aİ və digər ölkələrin cavab addımları yeni ticarət savaşı təhlükəsi yaratmışdı. Bahalaşma təzyiqi artdıqca Tramp bəzi ərzaq məhsullarına qoyduğu vergiləri geri çəkdi.
Yeni Papanın seçilməsi
Papa Fransiskin vəfatından sonra Robert Fransis Prevost Katolik Kilsəsinin 267-ci rəhbəri seçilməsi də 2025-ci ilin yaddaqalan hadisələrindəndir. Leo XIV adı ilə tanınan yeni Papa mühafizəkar qanada mesaj verərək qadın gücü və eynicinsli evliliklə bağlı islahatların yaxın zamanda gündəmdə olmayacağını açıqlayıb.
Hakimiyyət dəyişiklikləri
Asiya, Afrika və Latın Amerikasında sosial bərabərsizlik, senzura və korrupsiya səbəbindən genişmiqyaslı etirazlar baş verib. Bir sıra ölkələrdə liderlər istefaya məcbur edilib, digərlərində isə etirazlar güc tətbiqi ilə dağıdılıb.
“Nvidia”nın dəyərinin rekorda yüksəlməsi
2025-ci ildə AI investisiyaları 1,5 trilyon dollara çatıb. “Nvidia”nın bazar dəyəri 5 trilyon dolları ötüb, bu isə texnologiya sektorunda “balon” iddialarını gücləndirib. Süni intellektin yanlış məlumat yayması, müəlliflik hüququ pozuntuları və iş yerlərinin ixtisarı ilə bağlı narahatlıqlar artıb. “OpenAI” şirkəti bir gəncin intiharı ilə bağlı açılan iddia səbəbilə hələ də araşdırılır.
Luvr Muzeyindən oğurluq
19 oktyabrda Luvr Muzeyinə işçi kimi daxil olan quldurlar 88 milyon avro dəyərində Krallıq Zərgərliklərini oğurlayaraq elektrik skuterləri ilə qaçıblar. Bu hadisə dünya gündəmini silkələmişdi. Üç şübhəli saxlanılsa da, əsərlərin böyük hissəsi hələ də tapılmayıb.
ABŞ və Venesuela arasında gərginlik
Vaşinqtonun “narkotiklə mübarizə” adı altında Karib və Sakit okeanda həyata keçirdiyi hücumlar çoxsaylı insan itkisinə səbəb olub. ABŞ Ədliyyə Nazirliyi əməliyyatları qanuni sayır, BMT isə “məhkəməsiz edamlar” kimi qiymətləndirir. Hücumlar ABŞ–Venesuela gərginliyini daha da artırıb.
Ekstremal hava hadisələri
2025-ci ildə ekstremal hava hadisələri dünya üzrə dağıntılara səbəb olub. Vyetnamda ölümcül sel, Karibdə Melissa qasırğası, Filippində ardıcıl tayfunlar, Avropada rekord istilər və genişmiqyaslı yanğınlar müşahidə edilib. Afrika qitəsində yeni okean yaranacağı iddiaları, qitənin ikiyə bölünməsi kimi hadisələr yadda qalıb.
Azərbaycan və Ermənistanın Vaşinqton razılaşması
2025-ci ildə region üçün ən mühüm hadisələrdən biri də Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində irəliləyişlərin əldə olunması idi. 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Bu addım sülhün tezliklə əldə olunması üçün ilkin mərhələ idi. Həmçinin Zəngəzur dəhlizinin açılması yolunda da lazımi addımların atılması, Azərbaycan QHT nümayəndəliklərinin İrəvana səfəri, Ermənistan nümayəndəliklərinin Azərbaycana səfəri 2025-ci ilin ən yadda qalan hadisələrindən biridir.
Bəsti Rəfizadə
Sfera.az






