Ən müasir texnologiyaların tətbiq edildiyi şəhərlər - ADLAR

Ən müasir texnologiyaların tətbiq edildiyi şəhərlər - ADLAR
Kateqoriya məlum deyil
T

Dünyanın bir çox ölkəsi hələ indiki dövrün texnoloji imkanları ilə yaşadığı halda, beş böyük şəhər artıq 2100-cü ilin həyat tərzini bu gündən tətbiq edir. Şenzen, Tokio–Yokohama, San-Fransisko, Pekin və Seulda görünməz ödəniş sistemləri, sürücüsüz nəqliyyat vasitələri və süni intellektlə idarə olunan xidmətlər gündəlik həyatın adi parçasına çevrilib.

 

Sfera.az xəbər verir ki, Çinin Şenzen şəhəri son onilliklərdə balıqçı kəndindən dünyanın ən böyük texnologiya mərkəzlərindən birinə çevrilib.

 

Şəhərdə QR kodla ödəniş, nağdsız alış-veriş və rəqəmsal idarəetmə sistemi tam şəkildə tətbiq olunur. İctimai nəqliyyatda istifadə edilən “Octopus” kartı isə parkinqdən tutmuş ərzaq mağazalarına qədər demək olar hər yerdə universal ödəniş vasitəsi kimi qəbul edilir.

 

Tokio–Yokohama bölgəsi texnologiyanın gündəlik həyatda necə problemsiz işləyə biləcəyini nümayiş etdirir. Burada nağd pul əvəzi keçən qatar kartları, tam təmassız ödəniş terminalları və robotların çalışdığı otellər artıq standart sayılır. Yurikamome xəttində hərəkət edən sürücüsüz qatarlar və “teamLab Planets”in rəqəmsal incəsənət məkanı şəhərə fantastik görünüş qazandırır.

 

ABŞ-nin San-Fransisko şəhəri isə Silikon Vadisinin mərkəzi kimi qlobal innovasiyanın əsas qaynağıdır. “Vaymo”nun sürücüsüz avtomobilləri şəhər küçələrində sərbəst şəkildə fəaliyyət göstərir, “Uber” və “Lyft” kimi nəhəng nəqliyyat platformaları da məhz buradan bütün dünyaya yayılıb. Şəhərdə sınaqdan keçirilən bir çox texnoloji layihə daha sonra qlobal standartlara çevrilir.

 

Pekin də texnologiyanın ən inkişaf etmiş tətbiqlərini özündə birləşdirən şəhərlərdən biridir. “Alipay” və “WeChat” kimi super tətbiqlər vasitəsilə ən mürəkkəb xidmətlər belə saniyələr içində yerinə yetirilir. “Baidu”nun sürücüsüz robotaksiləri şəhər nəqliyyatının ayrılmaz parçasına çevrilib, süni intellekt isə tərcümədən tutmuş çatdırılma xidmətlərinə qədər gündəlik həyatın hər sahəsində istifadə olunur.

 

Cənubi Koreyanın paytaxtı Seul isə Asiyanın texnoloji lideri kimi önə çıxır. Rəqəmsallaşdırılmış evlər, yalnız mobil ödənişlə işləyən sistemlər və 24 saat açıq kassirsiz mağazalar burada adi hal alıb. Şəhərdə süni intellekt əsasında təhlükəsizlik və inventar idarəetmə sistemləri fəaliyyət göstərir, avtonom elektrik avtobusları isə həyatın əsas hissəsini təşkil edir. “Cheongyecheon” dərəsi şəhərin təbiət və texnologiyanı necə harmoniya ilə birləşdirdiyini göstərən nümunədir.

 

Mütəxəssislər bildirirlər ki, bu beş şəhər innovasiyanın müxtəlif model və yanaşmalarla tətbiq olunmasına baxmayaraq, hamısı eyni məqsədə xidmət edir: gələcəyin həyat tərzini bu gündən formalaşdırmaq. Bu mərkəzlər 100 il sonranın dünyasını artıq yaşayır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR