Sərnişinləri ilə “sevinc gəzintisinə” çıxdı

Kanadada qeyri-adi hadisə yaşanıb. Hamilton şəhərində 36 yaşlı bir kişi park edilmiş avtobusu oğurlayaraq sürücü yerinə əyləşib və şəhər boyunca “sevinc gəzintisi”nə çıxıb.
Məlumata görə, avtobusun sürücüsü qısa fasilə verdiyi anda naməlum şəxs sükanı ələ keçirib. Daha maraqlısı isə odur ki, “oğru sürücü” təxminən 15 dəqiqə ərzində dayanacaqlarda sərnişinləri minib-düşməyə buraxıb və onlardan yalnız nağd ödəniş tələb edib. O, terminaldan təxminən 10 sərnişinlə birlikdə yola çıxıb.
Sfera.az bildirir ki, əvvəlcə sərnişinlər avtobusu idarə edən şəxsin real sürücü olmadığını hiss etməyiblər. Lakin o, qaydalara zidd dönüşlər etməyə başlayanda şübhələr yaranıb. Hətta sərnişinlərdən biri ona geri dönmək üçün hansı yolu seçməli olduğunu göstərib.
Polis sözçüsü Trevor MakKenna hadisə ilə bağlı deyib:
"Avtobusda bir dənə də cızıq olmadı. O, avtobusu mükəmməl idarə etdi. Hadisə gülməli görünür, amma eyni zamanda ciddidir. Heç kimin xəsarət almamasına görə minnətdarıq".
Hamilton polisi avtobusu GPS vasitəsilə izləyib və ictimaiyyət üçün risk yaratmamaq üçün sirenlərdən istifadə etməyib. Kişi təxminən 15 dəqiqə sonra problemsiz şəkildə saxlanılıb.
O, 5000 dollardan çox dəyəri olan oğurluq, həmin məbləğin üzərində pul saxlamaq, polisə mane olmaq və mənimsənilmiş nəqliyyat vasitəsini idarə etməkdə ittiham olunur. Mümkün ruhi sağlamlıq problemi nəzərə alınaraq şəxsin adı açıqlanmır.
Tranzit həmkarlar ittifaqının prezidenti Erik Tak qeyd edib ki, sürücülər qısa fasilələrdən əvvəl avtobusları bağlamalıdırlar. Lakin mərkəzi terminaldakı sıxlıq səbəbindən bəzən avtobuslar işlək vəziyyətdə qalır və fasilə zamanı sərnişinlər içəri daxil olur.
Aynil






