Böyük Britaniyada bank işçiləri niyə qəhvəyi geyinmirlər?

Böyük Britaniyada bir işçiyə İnsan Resursları tərəfindən qəhvəyi rəngli tayt geyindiyinə görə xəbərdarlıq edilib və bu, sosial mediada geniş qəzəbə səbəb olub. Bu hadisə, ölkədə qəhvəyi rəngin tarixən niyə uyğunsuz hesab edildiyini ortaya çıxardıb. 18-ci və 19-cu əsrlərdən bəri sinif qavrayışları ilə formalaşan bu rəng, bu gün də bəzi korporativ məkanlarda üstünlük təşkil etmir.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Böyük Britaniyada qəhvəyi rəngin "aşağı təbəqə" ilə əlaqələndirilməsinin mənşəyi Sənaye İnqilabına gedib çıxır.
18-ci və 19-cu əsrlərdə qırmızı, mavi və bənövşəyi kimi rənglərin istehsalı olduqca baha başa gəlirdi. Boyama texnologiyasının məhdudluğu səbəbindən bu çalarlar aristokratiyanın və yuxarı təbəqənin simvollarına çevrildi.
Lakin qəhvəyi rəng işçi sinfinin əsas rəngi oldu, çünki onu torpaq əsaslı, ucuz materiallarla boyamaq mümkün idi. Həm istehsal etmək ucuz, həm də praktik idi, çünki ağır əməkdə işləyənlərin geyimlərini gizlətməyə xidmət edirdi.
Viktoriya dövründə mədəni fərqlər daha da qabardı. Fermerlər, kömür mədənçiləri və dəmir yolu işçiləri qəhvəyi geyimlərlə eyniləşdirilirdi. Bu dövrdə rənglər sosial statusun göstəriciləri idi. Orta və yuxarı təbəqələr daha açıq və daha bahalı rənglərə meyl göstərsələr də, qəhvəyi aşağı təbəqənin rənginə çevrildi. Bu qavrayış tədricən gündəlik həyatda, ədəbiyyatda və mətbuatda kök saldı.
Ədəbiyyatda qəhvəyi rəng tez-tez xidmətçiləri, küçə işçilərini və aztəminatlı personajları təsvir etmək üçün istifadə olunurdu.
Britaniya cəmiyyətinin sinif əsaslı strukturunu nəzərə alsaq, qəhvəyi rəngin mənfi mənaları nəsillər boyu davam etmişdir.
Qara və tünd göy rəng maliyyə dünyasında ciddiliyi, özünəinam və səlahiyyəti təmsil etsə də, qəhvəyi hələ də "rəsmiliyi pozan və həddindən artıq təsadüfi" rəng kimi qəbul edilir. Sosial Mobillik Komissiyasının 2016-cı il hesabatına görə, investisiya banklarının qəhvəyi ayaqqabı geyinərək müsahibələrə gələn kişi namizədləri işə götürmə ehtimalı daha azdır, çünki bu rəng qeyri-peşəkar kimi şərh olunur və hətta inamsızlıq yaradır.
Mədəni şərhçilər iddia edirlər ki, bu qaydanın əsas məqsədi sinif fərqlərini qorumaqdır. Qəhvəyi tarixən aşağı təbəqənin rəngi olduğundan, maliyyə sektorunda statusun qara rəsmi geyim simvolu üstünlük təşkil edir.
Şirkət mədəniyyəti bu gün dəyişsə də, qəhvəyi rəngə baxış tamamilə dəyişməyib.
Qəhvəyi rəngli tayt geyinməklə bağlı xəbərdarlıq edilən bir işçinin sosial media paylaşımı, bu rəngin Böyük Britaniyada nə qədər mübahisəli olduğunu göstərir. Bəzi şirkətlər qəhvəyi tonları çox qeyri-rəsmi, peşəkar olmayan və ya etibarsız hesab edirlər.
Tanınmış jurnalistlər və moda şərhçiləri bu qaydaları çox köhnəlmiş hesab etsələr də, Britaniyanın dərin kök salmış sinif mədəniyyətinin tezliklə dəyişməsi ehtimalı azdır.
Aynil






