"Diri Baba" türbəsi - 623 il əvvəlki möhtəşəmliyini qoruyur

"Diri Baba" türbəsi - 623 il əvvəlki möhtəşəmliyini qoruyur
Kateqoriya məlum deyil
T

Azərbaycan Dövlət Turizm Agentliyi Qobustanda yerləşən “Diri Baba” türbəsinə mediatur təşkil edib. 


Sfera.az xəbər verir ki, məqsəd abidənin tarixi-mədəni əhəmiyyətini media nümayəndələrinə təqdim etmək, onun turizm potensialını geniş ictimaiyyətə çatdırmaq olub.


Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunan “Diri Baba” türbəsi 1402-ci ildə Şirvanşah İbrahimin göstərişi ilə inşa edilib. Abidənin kitabəsində “Ustad bin Hacı” yazısının yer alması tikilinin ustasının adını göstərir. Sufi şeyxlərindən birinin məzarının burada yerləşdiyi ehtimal olunur və türbə əsrlərdir müqəddəs ziyarətgah kimi qəbul edilir.


Tarixi İpək Yolu üzərində, Qobustan rayonunda yerləşən türbə XVII–XVIII əsrlərdə Adam Oleari, Övliya Çələbi və Cornelius de Brun kimi məşhur səyyahların diqqətini çəkib. Onların qravürləri abidənin qədim görünüşü haqqında nadir məlumatlar verir.


Şirvan memarlıq məktəbinin ən özünəməxsus nümunələrindən biri olan “Diri Baba” türbəsinin bir hissəsi təbii qaya oyuğunda formalaşıb. Ərazidəki orta əsrlərə aid qəbiristanlıq, süni mağaralar və qayalıq landşaft bütöv tarixi-mədəni mühit yaradır.


Dövlət Turizm Agentliyi abidənin qorunması, bərpası və regionun turizm marşrutlarına daha geniş şəkildə daxil edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Mediatur çərçivəsində jurnalistlərə bu işlər barədə geniş məlumat verilib.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR