Azərbaycanın hansı hissəsi Avropaya düşür? – ARAŞDIRMA

Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Asiyanın sərhədlərində yerləşən nadir ölkələrdən biridir. Ölkə ərazisinin təxminən 6,25 faizi Avropa qitəsinin hüdudlarına, qalan hissə Asiya qitəsinin ərazisinə düşür. Avropa və Asiya arasında sərhəd kimi qəbul edilən xətt Böyük Qafqaz sıra dağları boyunca keçir.
Sfera.az Azərbaycanın Avropa qitəsində yerləşən şəhər və rayonlarını araşdırıb.
Məlum olub ki, Azərbaycanın Qusar rayonu bütövlüklə Avropada yerləşir. Quba rayonunun ərazisinin böyük hissəsi qitənin Avropa hissəsinə düşür. Xaçmaz, Şabran və Xızı rayonlarının ərazilərinin müəyyən hissəsi Avropa sərhədləri daxilindədir. Ölkənin iri şəhərlərindən biri olan Sumqayıt tam olaraq Avropada yerləşir. Abşeron rayonunda yerləşən Novxanı qəsəbəsi də Avropa hissəsindədir.
Avropanın sərhədi Abşeron yarımadasının mərkəzi boyunca uzanır. Sərhəd xətti Fatmayı ilə Mehdiabadın arasından keçir, Şüvəlanın da bir hissəsi Avropaya daxildir.
Avropa sərhədinin bitdiyi nöqtə isə Zirə qəsəbəsi yaxınlığı hesab olunur. Bu ərazidə qəsəbənin yarısı Avropa, digər yarısı isə Asiya qitəsində yerləşir.
Bakı şəhəri tam olaraq Avropada deyil. Paytaxtın mərkəzi və cənub hissəsi Asiyada, şimal-qərb istiqamətindəki bəzi ərazilər, Binəqədi rayonu, Şüvəlanın böyük hissəsi və Mərdəkanın bir qismi Avropa qitəsinə daxildir.
Coğrafi bölünmə baxımından Azərbaycan həm Avropa, həm də Asiya məkanına aid olan çox az ölkələrdən biri kimi fərqlənir.
Bu gün Azərbaycan həm Avropa Şurasının üzvüdür, həm Avropa Birliyi ilə yaxşı münasibətlər qurub, birliyə üzvlük üçün müraciət hüququna malikdir. Ölkə UEFA-nın üzvü olaraq Avropa futbol yarışlarında iştirak edir və Avroviziya müsabiqəsində ölkəni təmsil edir.
Qeyd edək ki, hazırda Azərbaycanla yanaşı 6 ölkə də hər iki qitənin ərazisində yerləşir. Bunlar Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Qazaxıstandır. Bu dövlətlərin Avropa hissəsi ümumi ərazilərinə nisbətən fərqli ölçüdə olsa da, coğrafi sərhədlər onları transkontinental ölkə kimi təsnif etməyə imkan verir.
Qitələrarası yerləşmə bu ölkələrə həm regional, həm də beynəlxalq miqyasda əlavə üstünlüklər qazandırır.
Niyaz Hacıyev
Sfera.az






