Dünya rəngsizləşir: "İnsanların iç dünyası dəyişib"

Dünya rəngsizləşir: "İnsanların iç dünyası dəyişib"
Kateqoriya məlum deyil
T

Son illərdə geyimdən tutmuş ev dizaynına, hətta gündəlik əşyaların rəng seçiminə qədər “boz dövr” yaşanır. Parlaq, canlı tonların yerini qara, ağ və boz rənglər alıb. İnsanlar artıq həm geyimlərində, həm də həyat tərzlərində sadə, neytral tonlara üstünlük verirlər. 


Bəs bu dəyişimin səbəbi nədir? Sadəcə modanın dəyişməsi, yoxsa daha dərin psixoloji amillər var?


Məsələ ilə bağlı psixoloq Nizami Orucov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu tendensiya insanların daxili aləminin dəyişməsi ilə bağlıdır:


“Bu, sadəcə modanın dəyişməsi deyil. Məncə, bu, insanların iç dünyasının dəyişməsidir. Müasir insan çox yorulub. Zaman sürətlənib, informasiyalar, xəbərlər, gərginliklər bizi bir az hissizləşdirib. Beyin sanki deyir ki, “bəsdi, sakitlik istəyirəm”. Ona görə də biz bu sakitliyi rənglərdə axtarırıq, daha parlaq, diqqətçəkən deyil, sadə, neytral tonlarda”.

 


Psixoloqun fikrincə, insanlar sadə rənglərə üstünlük verərək həm psixoloji rahatlıq, həm də sosial təhlükəsizlik axtarırlar:


“Sadə rənglərdə geyinərək biz daha az gözə batmağa çalışırıq. Bir tərəfdən də qorxuruq. Çünki bizdə “el nə deyər” düşüncəsi hələ də yaşayır. Çox rəngli geyinsən, diqqət çəkərsən. Diqqət çəksən, kiminsə sözü, baxışı səni incidə bilər. Ona görə də biz görünmədən yaşamağı seçirik, təhlükəsiz, sakit, amma bir az da solğun”.


Nizami Orucov qeyd edir ki, bu rəngsizlik bəzən sadəcə “zövq” məsələsi deyil, insanın özünü qoruma instinktinin bir formasıdır:


“Bu, bir növ emosional müdafiə mexanizmidir. İnsan özünü qorumaq üçün parıltını, canlılığı azaldır. Çünki çox rəng hislərin aşırı dərəcədə ifadəsi deməkdir. Bizim cəmiyyət isə hələ bu qədər açıq emosional ifadəyə hazır deyil”.


Beləliklə, psixoloqun fikirlərinə əsasən, müasir dövrdə rəngsizliyin kökündə təkcə moda deyil, həm də insanın emosional yorğunluğu və sosial qorxu hissi dayanır. Rənglərdəki sadəlik, insanın iç dünyasındakı sakitlik axtarışının əksidir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR