Sosial şəbəkələr bizi "izləyir" – Mütəxəssis alqoritmi izah etdi

Son illərdə sosial şəbəkə istifadəçiləri arasında ən çox müzakirə olunan mövzulardan biri platformaların insanları “dinləməsi” ilə bağlı iddialardır. Bir çox insan təsadüfi söhbətlərindən sonra “Instagram”, “Facebook” və ya digər tətbiqlərdə həmin mövzularla əlaqəli reklam və paylaşımlarla qarşılaşdıqlarını bildirir. Bu isə “sosial şəbəkələr bizi gizlicə dinləyirmi?” sualını gündəmə gətirir.
Media mütəxəssisi Səbinə İzzətli Sfera.az-a açıqlamasında bildirib ki, sosial media platformaları, konkret desək, “Instagram”, “Tık-Tok” “Youtube” “Facebook” və s. bunlar əslində istifadəçinin davranışlarını çox dəqiq izləyən alqoritmlərlə işləyirlər:
“Yəni, onlar istifadəçini birbaşa dinləməsə də həmin platformalardakı hərəkətlərini analiz edir. Belə bir alqoritmləri var. Sən nələri bəyənirsən, nələri layk edirsən, nələrə uzun müddət baxırsan, hansı mövzularda axtarış edirsən, hansı səhifəni izləyirsən, kimlərlə ünsiyyətdə olursan, hətta hansı məzmunu sürətlə ötürüb, hansına diqqətlə baxırsan, onu belə hesablaya, izləyə və yadında saxlaya bilir. Bu məlumatlar toplanır, səni maraqlandıra biləcək oxşar paylaşımları, videoları, reklamları qarşına çıxarır”.
Müsahibimiz dedi ki, bu prosesə “personalizasiya” deyirlər. Azərbaycan dilində isə fərdiləşdirmə mənasını verir.

Onun sözlərinə görə, bir növ sosial mediadakı məzmun, insanların davranışlarına, maraqlarına uyğun olaraq, fərdiləşdirilir:
“Sənin istək və arzularına, maraqlarına uyğun məzmun artıq qarşına çıxmış olur. Sosial media insanı dinləmir amma səni yaxından tanıyır. Onun dinlədiyi səs deyil, rəqəmsal davranışdır. Sosial media sənin rəqəmsal davranışını izləyir. Təbii ki, müxtəlif fikirlər var ki, “WhatsApp” bizi dinləyir, “Facebook” bizim şəxsi, gizli, məxfi saxladığımız informasiyanı əldə edir, datanı götürür. Bu fikirləri bir kənara qoysaq, sırf alqoritmlər barədə danışsaq, bu daha ağlabatan hesab olunur. Alqoritmin hesablayıb bizim qarşımıza çıxardığı fərdiləşdirilmiş məzmun daha çox bilinəndir. Bu bir faktdır. Ona görə də, platformalar çox dəqiq şəkildə səni maraqlandıran kontenti tapıb, təqdim edə bilir”.
S.İzzətli vurğuladı ki, sosial media alqoritmlərinin bu cür fərdiləşdirmək mexanizmi istifadəçiyə daha maraqlı və uyğun kontent təqdim etsə də, məlumat məxfiliyi baxımdan, ciddi narahatlıqlar doğurur:
“Çünki, bu sistemlər insanın rəqəmsal izlərini, axtarış tarixçəsini, coğrafi məkanını, kliklərini, baxış müddətlərini toplayaraq, onun psixoloji portretini formalaşdırır. Nəticədə platformalar təkcə istifadəçi maraqlarını deyil, həm də onun düşüncə tərzini və seçim meyillərini proqnozlaşdıra bilir. Bu isə fərdi azadlıqların məhdudlaşdırır, ictimai rəyin manipulyasiyası baxımından günümüzdə etik və sosial problemlər yaradır. Bu alqoritmlərin problemli tərəfi budur. Bizim həyatımıza gətirdiyi risklər budur. Yəni biz manipulyasiyaya daha rahat şəkildə məruz qala bilirik. Texnologiya səni idarə etməyə başlayır. Etik pozuntular və problemlər burda başlayır”.
Niyaz Hacıyev
Sfera.az






