Bir əsrlik sirr açıldı: Florensiya almazı Kanadada “parladı”

Bir əsrlik sirr açıldı: Florensiya almazı Kanadada "parladı"
Kateqoriya məlum deyil
T

Bir əsrdən çoxdur ki, itkin düşdüyü güman edilən əfsanəvi 137 karatlıq Florensiya almazı Kanadada tapılıb. Habsburq ailəsi açıqlayıb ki, qiymətli daş bütün bu illər ərzində bank seyfində saxlanılıb və İkinci Dünya Müharibəsi zamanı oradan köçürülüb.

 

Sfera.az xəbər verir ki, Habsburq ailəsi Birinci Dünya Müharibəsindən sonra yoxa çıxan məşhur Florensiya almazının Kanada bankında olduğunu ilk dəfə rəsmi şəkildə təsdiqləyib. Uzun illər bu zinət əşyasının oğurlandığı, itirildiyi və ya yenidən kəsildiyi güman edilirdi. Lakin indi onun orijinallığı Avstriya İmperator Sarayının zərgərləri tərəfindən təsdiqlənib.

 

137 karatlıq Florensiya almazı XVIII əsrdən etibarən Habsburqlara, ondan əvvəl isə Florensiyanın Mediçi sülaləsinə məxsus olub. 1918-ci ildə Avstriya–Macarıstan imperiyasının süqutundan sonra imperator I Karl, müsadirə və bolşeviklərin hücumu təhlükəsi səbəbilə, ailə cəvahiratlarının İsveçrəyə aparılmasını əmr edib. 1922-ci ildə kralın vəfatından sonra almazın yeri gizli saxlanılıb.

 

İmperatriça Zita ərinin ölümündən sonra almazın ən azı yüz il gizli qalmasını tapşırıb. Onun mövcudluğundan yalnız iki oğlu xəbərdar olub və onlar bu məlumatı öz övladlarına ötürüblər.

 

“Bu barədə nə qədər az adam bilsə, təhlükəsizlik bir o qədər yüksək olardı”, – deyə Karl fon Habsburq-Lotringen izah edib.

 

Ailə bu yaxınlarda seyfi açaraq The New York Times qəzetinin müxbirlərini zərgərlik əşyalarını yoxlamağa dəvət edib. Almazla yanaşı, seyfdə digər qiymətli əşyalar, o cümlədən “Qızıl Yun” ordeni də saxlanılıb. Zərgərlik evinin mütəxəssisi A. E. Köchert almazın orijinallığını təsdiqləyərək, onun çəkisinin, kəsiminin və görünüşünün tarixi təsvirlərlə tam uyğun olduğunu bildirib.

 

Karl fon Habsburq-Lotringenin sözlərinə görə, ailə Florensiya almazını etibarnaməyə qoymağı və vaxtaşırı Kanadada nümayiş etdirməyi planlaşdırır. Bu, 1940-cı ildə nasistlərdən qaçaraq Kanadaya sığınan imperatriça Zita və onun uşaqlarına həmin ölkənin göstərdiyi qonaqpərvərliyə minnətdarlıq nişanəsi olacaq.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR