200 illik qorxu: “Qara Rahibə” geri döndü

200 illik qorxu: "Qara Rahibə" geri döndü
Kateqoriya məlum deyil
T

“Dünyanın ən böyük maliyyə qurumlarından biri – İngiltərə Bankı artıq iki əsrdən çoxdur ki, “Qara Rahibənin ruhu” ilə bağlı əfsanəvi hekayəyə ev sahibliyi edir. Şahidlərin sözlərinə görə, Britaniyanın paytaxtı Londonun maliyyə mərkəzində, bank binasının yaxınlığında qara geyimli bir qadının ruhu dolaşır.

 

Sfera.az xəbər verir ki, bu sirli hadisələr artıq 200 ildir müşahidə olunur. Bankın yaxınlığında və hətta içərisində tez-tez qara geyimli qadın siluetinin göründüyü bildirilir.

 

Hekayənin kökü 19-cu əsrin əvvəllərinə dayanır. Sara Uaythed adlı qadın, saxtakarlığa görə edam edilmiş İngiltərə Bankının əməkdaşı Pol Uaythedin bacısı idi. Pol cinayətini bacısından gizlətmişdi. O yoxa çıxanda Sara hər gün banka gələrək işçilərdən soruşurdu: “Qardaşımı gördünüzmü?”

 

İllərlə bank işçiləri ona yalan danışaraq, “O bu gün işdə deyil, amma siz onu axtardığınızı deyəcəyik” cavabını verirdilər. Lakin bir gün gənc bir əməkdaş, bu razılaşmadan xəbərsiz olaraq, Saranın qardaşının edam edildiyini deyib. Qadın bu xəbəri eşidəndə dəhşətə gəlib və sarsıntıya tab gətirə bilməyib.

 

Həmin gündən sonra Sara hər gün qara geyimdə banka gəlməyə başlayıb və əvvəlki kimi eyni sözləri təkrarlayıb. Onu bu səbəbdən “Qara Rahibə” adlandırıblar.

 

1818-ci ildə bank rəhbərliyi Saranın bir daha geri qayıtmaması şərti ilə ona böyük məbləğdə pul ödəyib. Sara ömrünün sonunadək bu razılaşmaya əməl edib.

 

Lakin rəvayətə görə, onun ruhu bu “müqaviləni” pozub. Ölümündən sonra Saranın ruhu bir neçə dəfə Threadneedle küçəsində, Bankın həyətində və hətta yaxınlıqdakı metro tunellərində görünüb.

 

Şahidlər bu gün də qəribə hadisələr barədə danışırlar. Bəziləri bank binasında ağlama və inilti səsləri eşitdiklərini, digərləri isə qaranlıq dəhlizlərdə izaholunmaz qorxu və təzyiq hiss etdiklərini bildiriblər. Hətta bir işçi qara geyimli bir qadını izlədiyini, lakin qadının birdən havaya sovrularaq yoxa çıxdığını iddia edib.

 

İngiltərə Bankı bu hadisələr barədə heç vaxt rəsmi açıqlama verməyib. Lakin “Qara Rahibə” əfsanəsi hələ də Londonun ən məşhur sirrlərindən biri olaraq qalır.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR