Muzey oğurluqları artıb - Mədəni irs qara bazarın hədəfindədir
Son günlər Parisdəki Luvr muzeyində baş verən qarət hadisəsi dünya ictimaiyyətində böyük rezonans doğurub. Hadisədən qısa müddət sonra Lanqresdə yerləşən Deni Didro muzeyindən də qiymətli eksponatların oğurlanması faktı qeydə alınıb.
İki oğurluq faktı mədəni irsə qarşı yönəlmiş cinayətlərin miqyasını bir daha gündəmə gətirib. Dünyanın ən yaxşı qorunan muzeylərindən belə qiymətli əşyaların aparılması göstərir ki, mədəni irs artıq yalnız sərgilərin deyil, həm də qlobal qara bazarın əsas hədəfinə çevrilib.
Sfera.az xəbər verir ki, bu gün mədəni irs oğurluqları qlobal kriminal şəbəkələrin ən gəlirli sahələrindən biri sayılır.
Bu cür əməllər hər zaman olub və onun bundan sonra da davam edəcəyi yəqindir.
Qeyd edək ki, son 20 il ərzində beynəlxalq səviyyədə səs-küyə səbəb olan bir çox hadisə baş verib.
Bunların bəzilərini xatırlayaq:
Britaniya Muzeyi (2023): Antik dövrə aid yüzlərlə daş, artefakt və zinət əşyası itib, sonradan əşyaların illərlə daxildə gizli şəkildə satıldığı üzə çıxıb.
Kopenhagen kral tacının oğurluğu (2018): Danimarka monarxiyasına aid tac zinətləri yüksək peşəkarlıqla aparılmış və uzun müddət tapılmayıb.
Uffizi Qalereyası (İtaliya): Renessans dövrünə aid əsərlər qara bazara çıxarılıb, bir hissəsi illər sonra İsveç və Almaniyada aşkar edilib.
İsveç kral kurortu muzeyi: Qızıl və brilyantla işlənmiş rəsmi atributlar peşəkar əməliyyat kimi planlı şəkildə oğurlanıb.
Niderland (2020): Pandemiya dövründə Van Qoqa məxsus məşhur əsər muzey bağlandığı vaxt oğurlanaraq izsiz itib.
Bu hadisələrin ortaq cəhəti məhz təşkilatlanmış şəbəkələrin və daxili məlumat sızmasının mövcudluğudur.
Ekspertlərin sözlərinə görə, oğurlanan eksponatlar əsasən üç istiqamətdə “yoxa çıxır”: onlar ya şəxsi gizli kolleksiyalarda saxlanılır və illərlə gizlədilir, ya zinət əşyaları hissələrə bölünərək izsiz satışa çıxarılır, yaxud kriminal iqtisadiyyatda “barter kapitalı” kimi silah, narkotik və qaçaqmal sövdələşmələrində təminat vasitəsinə çevrilir. Bu səbəbdən bir çox eksponat yalnız təsadüf nəticəsində, illər sonra üzə çıxır. "Interpol"un mədəni irs cinayətləri üzrə bölməsi bu prosesləri beynəlxalq “qara siyahılara” salmaq, rəqəmsal foto identifikasiya və hərrac evlərinin izlənməsi vasitəsilə nəzarətdə saxlayır. Son illərdə bu üsulların köməyi ilə 400-dən çox eksponat geri qaytarılıb.
Azərbaycan da mədəni irs qaçaqmalçılığından zərər görən ölkələr sırasındadır. 1980–1990-cı illərdə regionlarda yerləşən muzeylərindən qədim sikkələr, bəzək əşyaları və xalçalar gizli yollarla xaricə çıxarılıb. Qarabağın işğalı dövründə isə Şuşa, Ağdam, Füzuli və digər rayonların muzeylərindən yüzlərlə eksponat Ermənistan vasitəsilə qara bazara ötürülüb. Şuşa Xalça Muzeyinə məxsus nadir xalçalar müxtəlif hərraclarda peyda olub, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarının bir hissəsi Gürcüstan və Avropada aşkar edilib. Hətta Qobustan abidələrindən daş parçalarının belə antikvar bazarlarında satışa çıxarılması faktları mövcuddur. Ekspertlər hesab edir ki, Qarabağdan aparılan bir çox mədəni irs nümunəsi hələ də fərdi kolleksiyalarda “gizli sərvət” kimi saxlanılır.
Mədəni irsə qarşı yönəlmiş bu cinayətlər artıq sadəcə maddi oğurluq deyil, bir xalqın tarixi və kimliyinə qarşı müdaxilə kimi qiymətləndirilir. Luvrdakı son oğurluq hadisəsi bir daha göstərdi ki, muzeylər yalnız eksponatları deyil, həm də milli yaddaşın siyasi və mədəni toxumasını qoruyur. Bu səbəbdən mütəxəssislər beynəlxalq izləmə sistemlərinin gücləndirilməsini, oğurlanmış eksponatların rəqəmsal inventarlaşdırılmasını və dövlətlərarası hüquqi əməkdaşlığın genişləndirilməsini prioritet hesab edirlər.
Firuzə Əliyeva
Sfera.az






