Sərhəddə psixoloji savaş: “Ağlayan ruh” səsləri

Kamboca hökuməti Taylandı sərhəd bölgəsində “ağlayan ruh” səsləri yaymaqla psixoloji müharibə aparmaqda ittiham edib. Fnom Penh administrasiyası məsələni Birləşmiş Millətlər Təşkilatına çıxarıb. Kamboca hökuməti sərhəddəki səslərin iki ölkə arasında gərginliyi artıra biləcəyini bəyan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kambocanın keçmiş lideri və hazırkı Senat sədri Hun Sen “Facebook” hesabındakı paylaşımında səslərin yayılmasını “ağır insan haqları pozuntusu” kimi qiymətləndirib.
Qeyd edək ki, bu ilin əvvəlində Malayziyanın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra iki ölkə “dərhal və şərtsiz” atəşkəs elan etmişdi. Həmin qarşıdurmalarda azı 38 nəfər ölmüş, 300 mindən çox insan isə evlərini tərk etmişdi.
Digər tərəfdən, “Reuters” yazır ki, Tayland Kambocanı sərhəd xəttinə yeni quru minaları yerləşdirməkdə ittiham edib. Bildirilir ki, iyul ayından bəri baş verən partlayışlarda altı Tayland əsgəri yaralanıb.
Kamboca bu iddiaları rədd edərək, partlayışların ölkədə uzun illər davam edən vətəndaş müharibəsindən qalan köhnə sursatların partlaması nəticəsində baş verdiyini açıqlayıb.
Bəsti Rəfizadə
Sfera.az





