Nüvə təhlükəsinə qarşı idman zalından istifadə ediləcək

Cənubi Koreya hökuməti ölkənin ilk mülki nüvə sığınacağını inşa etməyə hazırlaşır. 2028-ci ildə tamamlanması planlaşdırılan sığınacaq, mümkün hücum halında min nəfərdən çox insana iki həftə ərzində təhlükəsiz yaşayış imkanı yaradacaq.
Sfera.az xəbər verir ki, “The Korea Herald” qəzetinin məlumatına görə, sığınacaq Seulda yeni yaşayış kompleksinin altında yerləşəcək və adi vaxtlarda ictimai idman zalı kimi fəaliyyət göstərəcək.
Kompleksin üçüncü zirzəmisində inşa ediləcək sığınacağın sahəsi 2 min 100 kvadratmetrdən çox olacaq və burada 1 020 nəfər yerləşə biləcək. Layihə 16 çoxmərtəbəli bina və 1 200-dən artıq mənzildən ibarət geniş yaşayış məhəlləsinin tərkib hissəsi olacaq.
Sığınacaqda xüsusi havalandırma, təmiz su anbarı və tullantı idarəetmə sistemi quraşdırılacaq. Bu sayədə nüvə, kimyəvi və ya bioloji hücum zamanı iki həftə ərzində insanların yaşaması mümkün olacaq.
Şəhər rəsmisi bildirib ki, müasir dövrdə təhlükələrin xarakteri dəyişdiyindən sığınacaqların funksionallığını artırmaq vacibdir:
“Bu layihə Seulun təhlükəsizlik sistemini gücləndirmək və vətəndaşların müdafiəsini təmin etmək istiqamətində mühüm addım olacaq”.
Qeyd edək ki, son aylarda Şimali və Cənubi Koreya arasında müəyyən yumşalma müşahidə olunsa da, gərginlik hələ də qalmaqdadır. Ötən il Pxenyanın tullantı dolu şarlar göndərməsinə cavab olaraq Seul hərbi həyəcan səviyyəsini yüksəltmiş, ABŞ ilə birgə təlimlərin sayını artırmışdı. Şimali Koreya isə buna cavab olaraq bir neçə raket sınağı həyata keçirmişdi.
Bəsti Rəfizadə
Sfera.az






