Robotların da hüququ olacaq? – AÇIQLAMA

Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı artıq təkcə elmi və texnoloji deyil, həm də hüquqi və etik müzakirələrin əsas mövzusuna çevrilib. Bir vaxtlar yalnız filmlərdə gördüyümüz “öz düşüncəsi olan robotlar” bu gün reallığa çevrilir. Artıq robotlar təkcə əmrləri yerinə yetirən mexaniki cihaz deyil, müəyyən hallarda qərar verən, analiz aparan və müstəqil hərəkət edən sistemlərdir.
Bu isə mühüm bir sualı gündəmə gətirir: texnologiya bu qədər irəliləmişkən, robotlar da hüquqi subyekt kimi tanınmalıdırmı? Əgər robotlar insan kimi qərar verirsə, onların da hüquqları olmalıdırmı, yoxsa bu, cəmiyyətin etik və hüquqi dəyərlərini sarsıda bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, hazırda beynəlxalq hüquqda və əksər dövlətlərin qanunvericiliyində robotlar hüquqi subyekt sayılmır. Onun sözlərinə görə, hüquqi subyekt olmaq — hüquq və vəzifələrə malik olmaq, məsuliyyət daşımaq deməkdir:
“Bu status hazırda yalnız insanlara və hüquqi şəxslərə (məsələn, şirkətlərə) aiddir. Lakin süni intellektin inkişafı ilə “elektron şəxsiyyət” anlayışı Avropa Parlamentində 2017-ci ildə müzakirə olunub. Məqsəd o idi ki, süni intellekt sistemləri müəyyən dərəcədə müstəqil qərar verirsə, onların nəticələrinə görə məsuliyyət mexanizmi yaradılsın. Ancaq bu təklif hüquqi ziddiyyətlərə görə qəbul edilmədi”.

Hüquqşünas əlavə edib ki, əgər robotun qərarı nəticəsində zərər yaranarsa, məsuliyyət birbaşa robotun deyil, onunla bağlı olan insan faktorunun üzərinə düşür:
“Texniki qüsur və ya dizayn səhvi olduqda istehsalçı, alqoritmik səhvlər və ya nəzarət çatışmazlığı olduqda proqramçı və ya operator, robotu məqsədindən kənar və ya təlimata zidd istifadə etdikdə isə istifadəçi məsuliyyət daşıyır. Yəni, məsuliyyət zənciri hər bir halda insan faktoru ilə əlaqələndirilir, robotun özünə aid edilmir”.
T.Abdullazadənin sözlərinə görə, hüquqi baxımdan robot mülkiyyət obyekti sayılır, yəni onu almaq, satmaq və ya bağışlamaq mümkündür:
“Robotun öz mülkiyyəti ola bilməz, çünki onun hüquqi iradə və şəxsiyyət statusu yoxdur”.
Vəkil hesab edir ki, robotlara insan hüquqları vermək etik balansı poza bilər:
“Bu, insan dəyərinin nisbiləşməsinə və hüquqi sistemin mahiyyətinin zəifləməsinə səbəb ola bilər”.
O, sonda qeyd edib ki, gələcəkdə texnologiyanın inkişafı “avtonom süni intellektlər”in hüquqi statusunun yenidən gündəmə gətirilməsinə səbəb ola bilər, lakin hazırda bu məsələ yalnız nəzəri səviyyədə müzakirə olunur.
Firuzə Əliyeva
Sfera.az






