Putin 72 yaşında – Rusiya lideri haqqında maraqlı faktlar

Putin 72 yaşında – Rusiya lideri haqqında maraqlı faktlar
Kateqoriya məlum deyil
T

Bu gün Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür.

 

Sfera.az xəbər verir ki, Rusiya liderinin 72 yaşı tamam olur.

 

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad şəhərində (Sant-Peterburq) da anadan olub. O, Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və 1975-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) xidmətə başlayıb. Bir müddət Almaniyada işlədikdən sonra 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi olub.

 

1983-cü ildə Lyudmila Aleksandrovna ilə ailə quran Putinin iki qızı var – Mariya (1985) və Katerina (1986). Qızları barədə mətbuatda çox az məlumat paylaşılır.

 

Putin işgüzarlığı və intizamı ilə seçilir. KQB-də işlədiyi illərə aid sənədlərdə onun idman və döyüş sənətlərindəki nailiyyətləri, soyuqqanlılığı və əmək intizamı xüsusi vurğulanır. O, cüdo və sambo üzrə “master” dərəcəsinə malikdir və 1976-cı ildə Sankt-Peterburq çempionu olub. Hazırda Putin cüdo üzrə 8-ci dan, Kyokşin karate üzrə 8-ci dan, taekvando üzrə isə 9-cu dan qara kəmər sahibidir.

 

Rusiya liderinin ailəsi İkinci Dünya müharibəsinin çətinliklərini yaşayıb. Atası müharibə zamanı yaralanaraq əlil qalıb, anası isə ağır əmək şəraitində çalışıb. Bu, Putinin nizam-intizamlı həyat tərzinin formalaşmasına təsir edən əsas amillərdən biri sayılır.

 

1985-ci ildə o, gizli kəşfiyyat tapşırığı ilə Şərqi Almaniyaya göndərilib və həmin dövrdə “sovet Ceyms Bondu” kimi tanınıb.

 

Putin Rusiya Federasiyasının 2-ci və 4-cü prezidenti (2000–2008; 2012-ci ildən bu günədək), həmçinin hökumət sədri (1999–2000; 2008–2012) və Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999) olub.


Kremlin məlumatına görə, oktyabrın 7-si Putin üçün adi iş günüdür. O, bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı ad günündə bir neçə beynəlxalq telefon danışıqları da aparacaq. Bununla yanaşı, Peskov Putinin şəxsi planlarının da ola biləcəyini istisna etməyib.

 

Dmitri Peskov Putinin liderlik keyfiyyətlərini yüksək qiymətləndirərək deyib: 

 

“Putin ən təcrübəli, bilikli və istedadlı dünya liderlərindən biridir. O, sözünün üstündə duran, məsuliyyətli şəxsdir”.

 

Peskov həmçinin qeyd edib ki, Putin danışıqlarda peşəkarlığı və detallara diqqəti ilə seçilir:

 

“Prezident hər şeyi incəliklə təhlil edir. Onunla mübahisə etmək çətindir, çünki o, məlumatlara dərin bələddir. Putin kompromis ustasıdır və bu, həm Rusiyanın, həm də tərəfdaşlarının maraqlarına xidmət edir”.

 

72 yaşlı prezidentin fiziki forması da diqqət çəkir. Cüdo, üzgüçülük və digər idman növləri ilə mütəmadi məşğul olan Putin sağlam həyat tərzini liderlik fəlsəfəsinə çevirdiyini göstərir.


Peskov bildirib ki, ölkəni idarə etmək fasiləsiz prosesdir. Prezident tez-tez gecə saatlarına qədər işləyir, həftə sonları isə çox nadir hallarda dincəlir.

 

Putinin yalan və səriştəsizliyə qarşı dözümsüz olduğu da qeyd olunur:

 

 “O, tabeliyində olanlardan maksimum peşəkarlıq gözləyir və onları daim motivasiyada saxlayır”.

 

2025-ci il Putin üçün diplomatik baxımdan da fəal olub. Onun ABŞ-yə səfəri və Alyaskada keçirdiyi görüş beynəlxalq medianın diqqətini çəkib. Həmçinin, Çinə etdiyi səfər zamanı Çin Prezidenti Si Cinpinlə iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə edib. Bu görüşlər Rusiyanın Asiya regionundakı təsirini daha da gücləndirib.

 

Peskovun sözlərinə görə, Putin milli maraqlar məsələsində güzəştə getmir:

 

“Prezident ölkənin milli maraqları ilə bağlı son dərəcə prinsipialdır. Bu mövzuda güzəşt mümkün deyil”.

 

72 yaşını qeyd edən Vladimir Putin həm Rusiya daxilində, həm də beynəlxalq səviyyədə təsirini artırmağa davam edir. Onun liderlik tərzi, qərarlılığı və diplomatik bacarıqları onu müasir dünya siyasətinin ən təsirli simalarından birinə çevirir.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR