Nobel mükafatına maraq artıb: Siyahıda Azərbaycanlı namizədlər də var

Hər il olduğu kimi 2025-ci ildə də Nobel Sülh Mükafatını almaq üçün çoxlu sayda müraciət olub. Müraciətlərlə bağlı Nobel Komitəsi (Norveç) hələlik hər hansı açıqlama verməyib. Amma Norveç və digər xarici media orqanlarının əldə etdiyi məlumatlar builki müraciətlərlə bağlı ilkin təəssüratların yaranmasına imkan verir.
Sfera.az müxtəlif mənbələrə istinadən xəbər verir ki, Norveç Nobel İnstitutu bu il Nobel Sülh Mükafatı üçün 338 namizəd qeydə alıb.
Onlardan 244-ü fərdi şəxslər, 94-ü isə təşkilatlardır. Ötən il bu rəqəm 286 nəfər idi (197 fərdi şəxs, 89 təşkilat). Beləliklə, builki göstərici son illərin ən yüksək nəticələrindən biri hesab olunur. Ən çox müraciət isə 2016-cı ildə qeydə alınıb – 376 namizəd.
Müraciət edənlərin sayı ilə yanaşı bəzi şəxslərin kimliyi də ictimaiyyətə məlum olub. Məsələn, ABŞ Prezidenti Donald Tramp Kamboca Baş naziri Hun Manet tərəfindən Tailandla sərhəd böhranının qarşısını almaq səylərinə görə Nobel Sülh Mükafatına təqdim olunub. Bundan öncə də Trampın namizədliyi İsrail və Pakistan tərəfindən dəstəklənmişdi.
PRIO (Norveç Sülh Araşdırmaları İnstitutu) isə öz siyahısında Sudandakı “Emergency Response Rooms” təşkilatını ön sıralarda göstərir.
Azərbaycanlı alim və ictimai xadimlərin də Nobel mükafatına irəli sürüldüyü barədə məlumatlar var. Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov 2025-ci ilin fevralında verdiyi açıqlamasında (ölkə.az) qeyd etmişdi ki, Azərbaycandan 5 nəfər namizəd göstərilib. Bunlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Yaşar İbadov (tibbi biologiya elmləri doktoru, professor), Adil Qəribov (kimya üzrə elmlər doktoru), Sərhəddin Abdullayev (fizika-riyaziyyat elmləri doktoru, professor) və Kamal Abdulladır (yazıçı, Bakı Slavyan Universitetinin rektoru, daha əvvəl ədəbiyyat üzrə namizədliyi irəli sürülüb).
Dünya miqyasında isə bir sıra siyasətçilərin, təşkilatların və insan haqları müdafiəçilərinin adı hallanır. Donald Trampdan başqa Volodimir Zelenski də Rusiyaya qarşı mübarizədə liderliyinə görə namizəd kimi göstərilib. Adıçəkilən siyasi xadimlərlə yanaşı Tayvan Prezidenti Tsai İngven Asiyada demokratiyanın müdafiəsinə görə namizəd kimi irəli sürülüb.
Qəzza və digər müharibə bölgələrindəki humanitar təşkilatlar münaqişə şəraitində yardım fəaliyyətlərinə görə, BMT Dünya Ərzaq Proqramı (WFP) və digər beynəlxalq qurumlar aclıq və yoxsulluğa qarşı mübarizələrinə görə Nobel almaq üçün namizəd göstəriliblər.
Nobel Komitəsinin qaydalarına görə, namizədlərin və onları irəli sürənlərin adları yalnız 50 ildən sonra açıqlana bilər. Hazırda mediada yayılan bütün məlumatlar rəsmi təsdiq sayılmır, yalnız ictimaiyyətə sızan məlumatlardır.
Beləliklə, 2025-ci ildə Nobel Sülh Mükafatı ətrafında maraq ötən illə müqayisədə xeyli artıb. Siyahıda həm Azərbaycan alimləri və ictimai xadimlərinin, həm də ABŞ, Ukrayna, Rusiya, Sudan və Tayvandan olan məşhur fiqurların adlarının hallanması mükafat uğrunda rəqabəti daha da diqqətçəkən edir.
Bəsti Rəfizadə
Sfera.az






