ABŞ hökuməti "Şatdaun"a getdi

ABŞ federal hökumətinin fəaliyyəti maliyyələşmənin dayandırılması səbəbindən çərşənbə günü gecə yarısından etibarən qismən dondurulub.
Sfera.az xəbər verir ki, “Şatdaun” adlanan bu vəziyyət Konqresdə respublikaçılarla demokratların xərclər siyahısı ilə bağlı razılığa gələ bilməməsi nəticəsində yaranıb.
ABŞ qanunverici orqanının yuxarı palatası çərşənbə axşamı axşam saatlarında bağlanmanın qarşısını almağa yönəlmiş iki qanun layihəsini rədd edib. Respublikaçılar tərəfindən hazırlanaraq Nümayəndələr Palatasında qəbul edilən sənəd Senatda 55 səs toplayıb, 45 nəfər isə əleyhinə çıxıb. Demokratların təqdim etdiyi qanun layihəsini 47 senator dəstəkləyib, 53 nəfər qarşı çıxıb. Qanunun yuxarı palatada qəbul olunması üçün ən azı 60 səs tələb olunur.
Senatda respublikaçıların çoxluq lideri, Cənubi Dakotadan seçilmiş Con Tün bildirib ki, çərşənbə günü yeni səsvermə keçirilə bilər. Demokratların azlıq lideri, Nyu-Yorkdan seçilmiş Çak Şumer isə respublikaçılarla hər iki partiyanın dəstəkləyə biləcəyi qanun layihəsini hazırlamaq məqsədilə danışıqlara hazır olduğunu açıqlayıb. Tərəflər, bəzi xərlərdə, o cümlədən səhiyyə xərcləri ilə bağlı ortaq məxrəcə gələ bilmir və bir-birlərini bağlanmanı siyasi məqsədlərlə qəsdən yaratmaqda ittiham edirlər.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl bəyan etmişdi ki, əgər respublikaçılarla demokratlar Konqresdə 1 oktyabra qədər hökumətin maliyyələşdirilməsi ilə bağlı konsensus əldə etməsələr, bağlanma qaçılmaz olacaq. Mart ayında Tramp federal hökumətin fəaliyyətini maliyyə ilinin sonuna qədər təmin edən qanunu imzalamışdı. Həmin maliyyə ili 30 sentyabrda başa çatıb. Bu addım martın 15-də baş verməsi gözlənilən və hökumət qurumlarının işinin dayanmasına, yüz minlərlə dövlət qulluqçusunun maaşlarının müvəqqəti dayandırılmasına, bir çoxunun isə ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb ola biləcək bağlanmanın qarşısını almışdı.
Niyaz Hacıyev
Sfera.az






