Almaniyada iş vaxtı həftəlik rejimə keçir

Almaniya hökuməti iş saatları ilə bağlı radikal dəyişiklik üzərində işləyir. Hazırda qüvvədə olan qanuna görə işçilər gündə maksimum 8 saat, xüsusi hallarda isə 10 saatadək işləyə bilir. Yeni hazırlanan layihə ilə bu limit gündəlik deyil, həftəlik hesablanacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, layihəyə əsasən, işçilərin həftəlik ümumi iş müddəti 48 saat olacaq. Bununla da günlərin fərqli şəkildə planlaşdırılmasına imkan veriləcək.
Mövcud qaydalara görə, 11 saatlıq məcburi istirahət və 45 dəqiqəlik fasilə müddəti qorunmaqla, bəzi günlərdə 12 saatdan artıq işləmək mümkün ola biləcək.
Hökumət bu dəyişikliklərin işçilərə daha çox çeviklik və iş-şəxsi həyat balansı yaradacağını, eləcə də Almaniya iqtisadiyyatına müsbət təsir göstərəcəyini açıqlayıb.
Lakin həmkarlar ittifaqları və işçi hüquqları təşkilatları sərt etiraz edərək xəbərdarlıq edir. Onlar uzun iş saatlarının işçi sağlamlığını təhlükə altına atacağını və iş qəzalarının artmasına səbəb ola biləcəyini bildirirlər.
Yeni qanun layihəsinin yaxın aylarda parlamentin gündəminə çıxarılması gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az






