NASA alimləri Marsda yaşayış məntəqələri yaratmaq üçün maraqlı və qeyri-adi üsul təklif ediblər. Onların planına görə, gələcəkdə Qırmızı Planetdə evlər və qəsəbələr “mikotektura” – yəni göbələklərdən hazırlanmış konstruksiyalar əsasında qurula bilər.
Sfera.az xəbər verir ki, Marsda kolonizasiya planlarının qarşısında duran ən böyük çətinlik resurs çatışmazlığıdır. Tikinti materiallarının Yerdən daşınması həm çox baha başa gəlir, həm də raketlərin yük tutumu ilə məhdudlaşır. Bu səbəbdən alimlər alternativ üsullar axtarır.
Ənənəvi ideyalar arasında Mars torpağından kərpic hazırlanması və istixanalar üçün şüşə istehsalı var. Lakin bu üsullar yüksək enerji sərfi və mürəkkəb avadanlıq tələb etdiyi üçün praktik hesab edilmir.
NASA-nın bioloqu Lin Rotşild isə daha sadə və ekoloji yanaşma irəli sürüb. Onun təklif etdiyi “mycotecture” texnologiyasında Marsa yüngül çərçivələr və xüsusi uyğunlaşdırılmış göbələk sporları gətirilir. Daha sonra su əlavə olunaraq sporların böyüməsi təmin edilir. Nəticədə göbələyin miselyumundan möhkəm, hava keçirməyən material yaranır və ondan yaşayış məkanları, anbarlar, hətta bütöv günbəzlər qurmaq mümkündür.
Artıq Yer kürəsində bu texnologiyanın prototipləri hazırlanıb və onların həm yüngül, həm davamlı, həm də ekoloji baxımdan təmiz olduğu sübut edilib. Ən əsası isə bu üsul çox az resurs tələb edir.
NASA yaxın illərdə texnologiyanı Marsa bənzər şəraitdə sınaqdan keçirməyi planlaşdırır. Alimlər hesab edirlər ki, gələcək ekspedisiyalar zamanı “göbələkdən böyüyən şəhərlər” real Mars koloniyalarının əsasını təşkil edə bilər.
Firuzə Əliyeva
Sfera.az