Argentinanın cənubundakı Pataqonya bölgəsində alimlər meqaraptor qrupuna aid yeni dinozavr növü kəşf ediblər. Qazıntılar zamanı kəllə, qol, ayaq və quyruq sümükləri aşkar olunan fosilin təxminən 66–70 milyon il əvvələ aid olduğu bildirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar yeni növə “Joaquinraptor casali” adını veriblər.
Onların sözlərinə görə, dinozavr təxminən 7 metr uzunluğunda olub və öldüyü zaman ən azı 19 yaşında imiş. Ölüm səbəbi hələlik məlum deyil.
Alimlər dinozavrın çənə sümüyündə həmin dövrdə yaşamış timsaha məxsus ön ayaq sümüyü də tapıblar. Bu tapıntının dinozavrın ölməzdən əvvəlki son qidası ola biləcəyi ehtimal edilir.
Mütəxəssislər hesab edirlər ki, kəşf edilən qalıqlar dinozavrın qidalanma vərdişləri və Təbaşir dövrünün ekosistemi barədə mühüm məlumatlar təqdim edir.
Meqaraptorlar uzun kəllələri, güclü çənələri və iri caynaqları ilə tanınan, Cənubi Amerika, Avstraliya və Asiyanın bəzi bölgələrində yaşamış yırtıcı dinozavr qrupu olub.
Bəsti Rəfizadə
Sfera.az