ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkdakı BMT qərargahının vəziyyəti ilə bağlı şikayətləri təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının kuluarlarında ən çox müzakirə olunan mövzu olub.
Sfera.az xəbər verir ki, bu barədə Avropa nəşri "Politico" məlumat yayıb.
Nəşrin danışdığı təşkilat əməkdaşları binanın tənəzzülə uğradığını və yenidən təmirə ehtiyac duyduğunu təsdiqləyiblər. Halbuki, bina 10 il əvvəl əsaslı şəkildə təmir olunmuşdu. Məlumatlı şəxslər Politicoya binada işləməyən eskalatorların, cırılmış kreslo örtüklərinin və təhlükəsizlik yoxlaması məntəqələrindəki nasazlıqların mövcud olduğunu bildiriblər.
Tramp BMT Baş Assambleyasında çıxışı zamanı təşkilatın qərargahını tənqid edərək, işləməyən eskalator və teleprompterdən şikayətlənib.
O, həmçinin BMT-nin, o cümlədən Manhettendəki binanın yenidən təmiri üçün ayrılan vəsaitin qeyri-rasional xərclənməsi ilə bağlı irad bildirib.
Avropalı bir rəsmidən "Politico"ya verilən məlumata görə, Trampın komandası Baş Assambleyaya öz teleprompterini gətirib, lakin onun işləməsində də nasazlıqlar müşahidə olunub.
BMT isə Trampın çıxışından sonra açıqlama yayaraq, ABŞ prezidentinin üzərində olduğu eskalatorun dayanmasının təsadüfi baş verdiyini bildirib.
Məlumata görə, hadisə təhlükəsizlik mexanizminin işə düşməsi nəticəsində yaranıb və bunu ehtimal ki, videooperatorun hərəkəti aktivləşdirib.
Niyaz Hacıyev
Sfera.az